Sumqayıtda oğul atasının obyektini yandırdı – VİDEO

Sumqayıt şəhərində yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, yanğından mühafizə bölmələri tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində 1945-ci il təvəllüdlü Doluxanov Elman Museyib oğluna məxsus ümumi sahəsi 150kv.m olan bir dam altında tikilmiş müxtəlif təyinatlı qeyri-yaşayış obyektlərinin 30kv.m sahədə lambirdən ibarət tavanı əriyib və əşyaları yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan ilkin araşdırma, o cümlədən müşahidə kameralarına baxış və şahidlərin dindirilməsi nəticəsində yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, aparılan araşdırma zamanı zərərçəkmiş – obyektin sahibi Doluxanov Elman Museyib oğlu ifadəsində yanğının öz oğlu tərəfindən törədildiyini qeyd edib. Obyektin nəzarət kameralarına baxış keçirilərkən hadisənin həqiqətən də zərərçəkmişin oğlu 1971-ci il təvəllüdlü Doluxanov Kalif Elman oğlu tərəfindən qəsdən törədilməsi faktı öz təsdiqini tapıb.

Qeyd olunan məsələ ilə bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.