Sumqayıtda idmançının məşqdə uşağı öldürdüyü an… – VİDEO / YENİLƏNDİ

Sumqayıtda 7 yaşlı uşağın ölümünə səbəb olan tanınmış idmançı Mehman Xəlilovun məşq zamanı uşaqlarla kobud rəfrtarını özündə əks etdirən görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, yayılan görüntülərdə M. Xəlilovun məşq zamanı uşaqlara qarşı kobud rəftarı əks olunur. Uşaqlardan birinin saçından tutur, təpikləyir.

Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Video keyfiyyətsiz olduğu üçün kadrlardakıların kimliyini dəqiq müəyyən etmək çətindir. Buna baxmayaraq, məşq zalı bundan öncə Mehman Xəlilovun Fərid Bakarovla məşq keçdiyini əks etdirən görüntüdəki zalın eynisidir.

***20:55

Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

ACF-dən Globalinfo.az-a verilən məlumata görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.

Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: “Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib”.

Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb:

“Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir”.

Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib:

“Qadağan olunmuş fəndlərə “Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub”.

Azərbaycan Cüdo Federasiyası azyaşlı vəfatından dərindən kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı diləyib.

Xatırladaq ki, Sumqayıt şəhər Prokurorluğu aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi ilə bağlı cinayət işi açıb. İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.