Sumqayıtda evə basqında yaralanan şəxslərdən xəbər var

Sumqayıtda evə silahlı basqın zamanı yaralananların son durumu açıqlanıb.

Globalinfo.az bildirir ki, Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsində müalicə alan 1990-cı il təvəllüdlü Etibar Sarıyev ambulator müalicə üçün evə buraxılıb.

Qeyd olunub ki, cərrahiyyə şöbəsində müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyevin vəziyyəti kafi, Travmatologiya şöbəsində müalicə alan 1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın vəziyyəti isə stabil qiymətləndirilir.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər – Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

İstintaq-əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyev hadisəni törətməkdə şübhəli şəxs qismində saxlanılıb, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.