Sumqayıt şəhərində arvadını döyərək xəsarətlər yetirən kişiyə cinayət işi açılıb.
Globalinfo.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl baş verib. 1968-ci il təvəllüdlü Kamran Baxışov həyat yoldaşı Nazxanım Mustafayevanı döyərək ona alın nahiyəsinin dərialtı hematoması, hər iki bazunun qançırları ilə müşayiət edilən digər xəsarətlər yetirib. Qadın polisə şikayət edib və ekspertiza rəyinə əsasən 54 yaşlı kişi barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, hadisə baş verən gün N.Mustafayeva mağazadan özünə 200 manata gödəkçə alıb. Kamran arvadına gödəkçəni baha aldığını deyərək ona əsəbiləşib. Qadının cavabından narazı qalan kişi onu döyərək xəsarətlər yetirib. Qadın dərhal polisə müraciət edib.
Sonradan N.Mustafayeva müraciət edərək əri ilə barışdığını və ondan şikayətçi olmadığını bildirib. Bundan sonra başlanmış cinayət işinin icraatına xitam verilib.
Zaira Akifqızı
Globalinfo.az