Sumqayıtda ağır qəza: xəsarət alanlar var – YENİLƏNDİ

Sumqayıtda baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına müxtəlif xəsarətlərlə 15 nəfər müraciət edib.

Qeyd olunub ki, xəsarət alanların hər birinə zəruri tibbi xidmət göstərilib. Onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 3 nəfərin müalicəsi (vəziyyətləri orta ağır qiymətləndirilir) Terapiya şöbəsində, 3 nəfərin müalicəsi (vəziyyətləri ağır qiymətləndirilir) Reanimasiya şöbəsində, 5 nəfərin müalicəsi (vəziyyətləri stabil qiymətləndirilir) isə Acil şöbəsində davam etdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev “Report”a bildirilib ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***
08:58

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford” markalı mikroavtobus və “DAF” markalı yük avtomobili toqquşub, 2 nəfər mikroavtobusda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.