Sülhməramlılar Qarabağdan çıxacaq, yoxsa müddət uzadılacaq? – Cavab

Azərbaycanın Qarabağda lokal uğurlu antiterror tədbirləri keçirməsindən sonra separatizmin kökü kəsildi. İndiki məqamda cəmiyyəti düşündürən sual sülhməramlıların taleyinin necə olacağıdır.

Maraqlıdır, sülhməramlılar Azərbaycandan çıxacaq, yoxsa səlahiyyət müddəti uzadılacaq?

Rusiyanın 1960 nəfərlik hərbi kontingentinin Qarabağı tərk etməsi bizim maraqlarımız baxımından uyğundurmu?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Murad Sadəddinov deyib ki, Qarabağda yerləşən Rusiya sülhməramlıları üçtərəfli bəyanatın şərtlərinə görə, 2025-ci ilə qədər qala bilərlər:

Murad Sadəddinov

“Lakin bunu da nəzərə almaq lazımdır ki, vəziyyət əsaslı surətdə dəyişib. Bu gün sülhməramlıların taleyinin necə olacağına dair verilən suallar da başadüşüləndir. Hesab edirəm indiki məqamda sülhməramlıların səlahiyyət müddətinin uzadılması və ya Azərbaycanı tərk etməsi məsələsi Rusiya və Azərbaycan arasında danışılıb müzakirə edilməlidir. Burada iki tərəfin də maraqları nəzərə alınmalıdır.

Sülhməramlıların Azərbaycanda qalması, ya da getməsinin bizə mənfi-müsbət təsirinin olub-olmayacağı bir çox amildən asılıdır. İlk öncə onu qeyd edim ki, sülhməramlıların Qarabağda olması bizim əleyhimizə olan bir sıra qüvvələrin regiona müxtəlif adlarla gəlməsinin qarşısını alır. Xüsusilə Fransa bu ölkələrdən ən çox diqqətçəkəndir. Rəsmi Paris əleyhimizə hər cür tədbir görüb. Artıq 5-ci dəfədir ki, Fransa əleyhimizə BMT-də qətnamə qəbul etməyə çalışır.

Fransa Azərbaycanın erməniləri Qarabağdan zorla qovduğunu, regionda etnik təmizləmə apardığını iddia edir. Buna görə də qətnamə qəbul edib erməniləri regiona qaytarmaq, bu prosesin təhlükəsiz şəkildə icrası üçün də beynəlxalq qüvvələri regiona gətirmək istəyir.

Belə bir vəziyyətdə Azərbaycan sülhmərmalıların ölkədən çıxmasını istəməyəcək. Prezident İlham Əliyev də dünən bildirdi ki, Qarabağda hələ də silahlı qüvvələr var. Bu da öz növbəsində sülhməramlıların regionda qalmasını zəruri edir”.

Turan Rzayev
Globalinfo.az