Sülh sazişi gündəmdən çıxır? – Azərbaycan bu dəfə dözməyəcək

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin 2024-cü ildə imzalanmayacağına dair fikirlər səsləndirilir. Maraqlıdır ki, bir çox ekspert 2023-cü ildə sülh barədə daha pozitiv danışırdı.

Maraqlıdır, nə baş verdi ki, sülh prosesində nikbinliq arxa plana düşdü?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Azərbaycan-Ermənsitan müharibəsi regional münaqişə halından çıxaraq qlobal hal almışdı:

“Belə ki, münaqişənin həllinə dair Moskva, Brüssel, Vaşinqton kimi fərqli formatlar, platformalar yaradıldı. Hər bir platformada məsələ ayrıca müzakirə edilir, fərqli təkliflər irəli sürülürdü. Təbii olaraq, prosesin birdən çox müstəvidə müzakirəsi sülhü dalana dirəmişdi.

Xüsusilə Rusiya və kollektiv Qərb arasında savaş gedir. Özü də bu savaş iqtisadi, siyasi, diplomatik sferalarda paralel şəkildə davam edir. Belə olan təqdirdə sülhə dair irəliləyiş olmurdu.

ABŞ və Rusiya savaşı birinci mərhələdə Ukraynada başlasa da, ikinci mərhələdə Cənubi Qafqazda özünü büruzə verdi. Regionda hər iki böyük dövlətin maraqları toqquşur və təbii olaraq Ermənistanla Azərbaycan arasında da münaqişənin həlli dalana dirənirdi.

Azad Məsiyev

Ermənistan danışıqların Rusiyanın iştirakı ilə baş tutmasını qəti istəmir. Bunu da əyani şəkildə Kremllə münasibətlərini pozaraq göstərirdi. Hətta bu istiqamətdə KTMT toplantılarını boykot etdi, MDB iclaslarında iştirak etmədi. Yəni Paşinyan ABŞ-dan aldığı təlimatlar əsasında Rusiya ilə körpüləri yandırırdı. Buna görə də Moskva formatı gündəmdən düşdü.

Brüssel və Vaşinqton formatlarında isə faktiki olaraq neytrallıq və tərəfsizlik pozuldu. Yəni hər iki formatda İrəvanın maraqlarının müdafiə edilməsi, reallıqların dəyişdirilməyə cəhd edilməsi, habelə Bakını narahat edəcək bəyanatların ard-arda verilməsi formatları deaktiv etdi.

Azərbaycan indiki məqamda münaqişənin qalan hissəsini ikili danışıqlar yolu ilə həll etməkdə maraqlıdır. Hətta Prezident İlham Əliyev də bu istiqamətdə açıq mesajlar verdi. Lakin təəssüf ki, Ermənistan prosesi Qərb formatlarında həll etmək niyyətindədir. Bu isə bizim maraqlarımıza uyğun deyil. Hesab edirəm, bu və digər məsələlər iki ölkə arasında sülhü uzadır. Lakin Azərbaycan prosesin uzanmasına yol verməyəcək. Yəni bu və ya başqa formada İrəvan sülh sazişini imzalamalıdır. Bunun başqa yolu yoxdur”.

Turan Rzayev
Globalinfo.az