Fəzail İbrahimli: “Vardanyan Xankəndidən hansı yolla qaçacaq, onu fikirləşsin”

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimlinin Globalinfo.az-a müsahibəsini təqdim edirik:

– Fəzail bəy, erməni milyarder Ruben Vardanyan Azərbaycanı hədələyib. Deyib ki, “Laçındakı post Azərbaycana baha başa gələcək”. Sizcə, Rusiya onu “dirildir”? Vardanyanda bu “cəsarət” haradandır?

– Bilirsiniz, Vardanyanın bütün fikirləri, danışıqları ölmüş adam haqqında balladaya oxşayır. O, Rusiyanın bura göndərdiyi casusdur. Adam gəlib ki, prosesləri qarışdıra, “xalqın iradəsini” ifadə edə, hansısa bir addım atıb buradakı situasiyanı Rusiyanın xeyrinə dəyişə, perspektivdə Ermənistanda böyük proseslərə təkan verə…

Vardanyan postun quraşdırılmasının bizə baha başa gələcəyini fikirləşməsin. Hər halda Azərbaycan öz doğma torpağı Laçında düşünülüb, yüz ölçülüb, bir biçildikdən sonra post quraşdırıb. Azərbaycan heç vaxt, heç bir məqamda öz iradəsindən geri çəkilmir.

– Vardanyanın hazırda Xankəndidə olduğu bildirilir…

– Məncə, Vardanyan Xankəndidən hansı yolla qaçacaq, onu fikirləşsin. Əsas məsələ ona həmin sözü kimin dedirtməsidir. Vardanyanın bütün hərəkətlərinin, poetik şəkildə desək, sözləri yazılır, musiqisi bəstələnir, o da gəlib ifa edir. Amma necə deyərlər: karvan keçər…

Fəzail İbrahimli

– Əgər sülh sazişi imzalanmazsa, Azərbaycan hansı yolu seçəcək?

– Biz getdiyimiz yolu seçəcəyik. Sülh sazişinin imzalanması bir az mürəkkəb məsələdir. Ona görə ki, bu saziş Ermənistanla imzalanır. Ermənistan isə öz qərarı olan dövlət deyil! Ermənistanın boğazına ipin birini erməni lobbisi atıb. Paşinyan narıncı inqilabla hakimiyyətə gəlib, Avropanın buradakı əsiridir, lakin daxildə ruspərəst qüvvələr də var. O dövlətlər cəsarətli addımlar atırlar ki, onların ixtiyarı özlərindədir. Azərbaycan öz maraqlarına xidmət edən addımlar atır. Paşinyan bir neçə tərəfə parçalanıb – gah Rusiya, gah Qərb, gah da digər qüvvələrin təsiri altında siyasət yürüdür.

– Zaman-zaman Minsk qrupu məsələsi gündəmə gətirilir…

– Minsk qrupu gedib, amma onu təmsil edən dövlətlərin istəyi yaşayır. Özü də bir az ziddiyyətli və orbitindən çıxmış formada. Ona görə də Azərbaycan öz işini addım-addım, səliqə-sahmanla, islahatlar yolu ilə, ağıl və təmkinlə həll edəcək.

Bizə güc-qüvvət verən iradəli rəhbərimiz, güclü ordumuz, sabit iqtisadiyyatımız var. Xalqla ordu və rəhbərlik arasında olan bu birlik bizim qələbəmizdir. Bu, Avropa, rus, slavyan düşüncəsinə qalib gələn xalqın, dövlətin birliyidir. Biz də buna güvənib, öz işimizi axıra çatdıracağıq.

– Ermənistan cəmiyyəti iddia edir ki, Paşinyan sülh müqaviləsi imzalasa, onu devirəcəklər. Onun devrilməsinin bizə hansı təsirləri ola bilər?

– Necə deyərlər, ilanın ağına da lənət, qarasına da! Kimin gəlməsinin önəmi yoxdur. Bu dəqiqə Paşinyan Avropanın əlində əsirdir. Çünki Paşinyan Sorosun “balası”dır. Bu dəfə də kimin “balası” hakimiyyətə gələcəksə, o tərəf başlayacaq öz addımlarını atmağa. İrəvanda hakimiyyətə kimin gəlməsi maraqlı deyil. Sadəcə, Qafqaz uğrunda mübarizə gedir. Bura gələn yenə də o mübarizənin əsiri olacaq!

Paşinyan şimaldan gələn zərbəni dəf edə bilsə, sülhə qol çəkəcək.

Zaira Akifqızı
Globalinfo.az