“Müstəqil Azərbaycanın dövlətçilik tarixinə nəzər saldıqda aydın şəkildə görünür ki, ölkəmizin bugün keçdiyi inkişaf yolu, əldə etdiyi nailiyyətlər, qazandığı tarixi qələbələr və formalaşdırdığı güclü dövlət modeli heç də təsadüfi amillərin nəticəsi deyil. Bu uğurların əsasında uzaqgörən siyasi baxış, milli maraqlara söykənən strateji idarəçilik və dövlətçilik ənənələrinin ardıcıl şəkildə qorunaraq inkişaf etdirilməsi dayanır. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin formalaşması, qorunması və möhkəmləndirilməsi prosesindən ayrılmazdır”.
Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.
Politoloq bildirib ki, Azərbaycanın ötən yarım əsrlik tarixi faktiki olaraq Ulu Öndərin yaratdığı inkişaf konsepsiyasının, dövlətçilik fəlsəfəsinin və milli maraqlara əsaslanan siyasi kursun müxtəlif mərhələlərdə təzahürü kimi qiymətləndirilə bilər:
“1969-cu ildə Azərbaycan rəhbərliyinə gələn Ulu Öndər respublikanın sosial-iqtisadi, elmi, mədəni və siyasi həyatında köklü dönüş yaratmağa nail oldu. Həmin dövrdə Azərbaycan keçmiş SSRİ məkanında əsasən aqrar respublika kimi tanınırdı və ittifaq daxilində ciddi inkişaf problemləri ilə üzləşirdi. Lakin qısa müddət ərzində həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan iqtisadi göstəricilərinə, sənaye istehsalının artım sürətinə, kənd təsərrüfatının inkişafına, elmi potensialına və kadr hazırlığına görə qabaqcıl respublikalardan birinə çevrildi.
Onlarla yeni zavod və fabrik istifadəyə verildi, sənaye şəhərləri formalaşdırıldı, infrastruktur layihələri həyata keçirildi, neft sənayesi ilə yanaşı maşınqayırma, kimya, elektrotexnika və digər sahələr inkişaf etdirildi. Lakin Ulu Öndər Heydər Əliyevin həmin dövrdəki fəaliyyətinin strateji əhəmiyyəti yalnız iqtisadi göstəricilərlə məhdudlaşmırdı. O, Azərbaycanın gələcəyini düşünərək milli kadr potensialının yaradılmasına xüsusi diqqət yetirirdi. Minlərlə azərbaycanlı gəncin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə göndərilməsi, hərbi sahədə milli kadrların hazırlanması, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin qorunması istiqamətində atılan addımlar sonradan müstəqil dövlət quruculuğunun əsas sütunlarına çevrildi. Təsadüfi deyil ki, müstəqillik illərində dövlət idarəçiliyində, elm və təhsildə, hərbi sahədə mühüm rol oynayan kadrların böyük hissəsi məhz Ulu Öndərin formalaşdırdığı məktəbin yetirmələri idi”.
Politoloq qeyd edib ki, 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə Azərbaycan tarixinin ən mürəkkəb və təhlükəli dövrünə qədəm qoydu:
“Sovet imperiyasının süqutu fonunda Ermənistanın hərbi təcavüzü genişlənir, ölkə daxilində siyasi qeyri-sabitlik dərinləşir, dövlət institutları zəifləyirdi. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələrin səriştəsiz fəaliyyəti vəziyyəti daha da ağırlaşdırdı. Xüsusilə AXC-Müsavat hakimiyyəti dövründə dövlət idarəçiliyində müşahidə olunan peşəkar yanaşmaların çatışmazlığı, populizm, daxili siyasi qarşıdurmalar və idarəetmə böhranı ölkəni faktiki olaraq uçuruma sürüklədi. Həmin illərdə torpaqlarımızın ard-arda işğal olunması, orduda hökm sürən pərakəndəlik, silahlı dəstələrin özbaşınalığı, iqtisadi tənəzzül və anarxiya dövlətçiliyin mövcudluğunu ciddi təhlükə altına qoymuşdu. Beləliklə də, 1993-cü ilin yayında vəziyyət kritik həddə çatdı. Ölkənin müxtəlif bölgələrində separatçılıq meyilləri güclənir, mərkəzi hakimiyyət proseslərə nəzarəti itirir, vətəndaş müharibəsi təhlükəsi real xarakter alırdı. Azərbaycan parçalanmaq, müstəqilliyini itirmək və beynəlxalq münasibətlərin subyekti olmaq imkanını birdəfəlik itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçilik tariximizin dönüş nöqtəsinə çevrildi. Məhz 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın dövlət kimi xilası, sabitliyə və inkişafa aparan yolun başlanğıcı oldu”.

Aytən Qurbanova
Ekspert deyib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ilk növbədə ölkədə siyasi sabitlik təmin edildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, separatçılıq meyillərinin qarşısı alındı və dövlət idarəetməsi bərpa olundu:
“Azərbaycanın beynəlxalq təcrid vəziyyətindən çıxarılması, balanslaşdırılmış xarici siyasət kursunun müəyyən edilməsi və milli maraqlara əsaslanan diplomatik fəaliyyət ölkənin mövqelərinin möhkəmlənməsinə imkan yaratdı. Həmçinib 1994-cü ildə əldə edilmiş atəşkəs daxili sabitliyin möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün zəruri şərait yaratdı. Elə həmin il imzalanan “Əsrin müqaviləsi” isə Azərbaycanın gələcək inkişaf strategiyasının iqtisadi fundamentinə çevrildi. Bu müqavilə yalnız enerji layihəsi deyil, həm də Azərbaycanın geosiyasi çəkisini artıran və ölkənin müstəqilliyini möhkəmləndirən tarixi qərar idi. Sonrakı illərdə qəbul olunan Konstitusiya, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar, bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı, milli ordunun formalaşdırılması və dövlət institutlarının möhkəmləndirilməsi Azərbaycanın yeni inkişaf mərhələsinə daxil olmasını təmin etdi. Ən vacib məqamlardan biri isə ondan ibarət idi ki, Ulu Öndər Heydər Əliyev yalnız mövcud problemləri həll etməklə kifayətlənmədi, eyni zamanda gələcək onilliklər üçün dövlətçilik strategiyası müəyyənləşdirdi.
Onun “güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu” konsepsiyası sonrakı uğurlarımızın ideoloji və siyasi əsasını təşkil etdi. Məhz buna görə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyev siyasətinin məntiqi davamı kimi qiymətləndirilməlidir. Son iyirmi ildən artıq müddətdə Azərbaycan iqtisadi inkişaf tempinə, sosial rifah göstəricilərinə, beynəlxalq nüfuzuna və hərbi potensialına görə regionun lider dövlətinə çevrilib. Enerji təhlükəsizliyi sahəsində həyata keçirilən qlobal layihələr, nəqliyyat-logistika marşrutlarının yaradılması, çoxşaxəli xarici siyasət kursu və milli maraqların qətiyyətlə müdafiəsi ölkəmizin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirib. Bütün bunların kulminasiya nöqtəsi isə şübhəsiz ki, 2020-ci ildə əldə etdiyimiz tarixi Zəfər oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44-günlük Vətən müharibəsində qazandığı tarixi qələbə yalnız hərbi uğur deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi idi. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması, Ermənistanın kapitulyasiyaya məcbur edilməsi, 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazisində suverenliyin tam bərpa olunması müasir Azərbaycan tarixinin ən möhtəşəm hadisələri sırasında yer alır”.
A.Qurbanova vurğulayıb ki, bu gün Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır:
“Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş, regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilmiş ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, beynəlxalq müstəvidə artan nüfuzumuz və milli maraqların qətiyyətlə müdafiəsi Azərbaycanın gələcəyinə olan inamı daha da gücləndirir.
Tarixi proseslərin obyektiv təhlili göstərir ki, müasir Azərbaycanın uğur hekayəsi bir-birindən ayrı hadisələrin məcmusu deyil. Bu 1969-cu ildə başlanan, 1993-cü ildə dövlətçiliyi xilas edən və Prezident İlham Əliyevin rəhbərliyi altında Zəfər və suverenliklə zirvəyə yüksələn vahid siyasi kursun nəticəsidir. Ona görə də, bugünkü müstəqil, suveren, güclü və qalib Azərbaycan Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının, milli maraqlara əsaslanan siyasi strategiyasının və uzaqgörən liderliyinin ən parlaq təcəssümü, ən böyük tarixi təntənəsidir. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər bir daha sübut edir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf yolu yalnız keçmişin deyil, həm də gələcəyin uğur formuludur”.
Turan Rzayev
Globalinfo.az