
“Sputnik Azərbaycan“da keçirilən əməliyyat nəticəsində saxlanılan şəxslər binadan çıxarılır.
Globalinfo.az “Report”a istinadən bildirir ki, onlar hüquq-mühafizə orqanlarının avtomobili ilə ərazidən aparılır.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib. O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
Ancaq buna baxmayaraq, “Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.
***15:40
Polisin “Sputnik Azərbaycan” agentliyinin ofisində (Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Bakıdakı filialı) keçirdiyi əməliyyat zamanı saxlanılanlar var.
Globalinfo.az bildirir ki, APA-nın əldə etdiyi məlumata görə, DİN-in əməliyyatı zamanı Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ( FTX) bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən DİN “Sputnik Azərbaycan“ın Bakıdakı ofisində əməliyyat keçirir.
Xatırladaq ki, Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin filialı kimi fəaliyyət göstərən “Sputnik-Azərbaycan” agentliyinin fəaliyyətinin dayandırılması barədə bu ilin fevral ayında qərar qəbul olunub.
Məlumatda bildirilib ki, bu qərar Azərbaycanın dövlət mediasının xaricdə və xarici jurnalistlərin ölkəmizdə fəaliyyətində pariteti təmin etmək məqsədilə qəbul edilib.
Başqa sözlə, “Sputnik-Azərbaycan“ın Bakıda çalışan jurnalistlərinin sayı AZƏRTAC-ın Rusiyadakı jurnalistlərinin sayına bərabər olacaq.
Lakin “Sputnik Azərbaycan” redaksiyası bu qərara əməl etməyib. Ötən müddət ərzində ofis və kollektiv fəaliyyətini dayandırmayıb.
***13:20
Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.
***12:45
“Sputnik Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.
Globalinfo.az xəbər verir ki, ofisdə istintaq tədbirləri aparılır.
DİN agentliklə bağlı əməliyyat keçirildiyini saytımıza təsdiqləyib.
Məlum olub ki, bir müddət əvvəl “Sputnik Azərbaycan”ın fəaliyyəti dayandırılsa da, agentlik işini davam etdirirmiş.