Onun nə deməsinin önəmi yoxdur, qətlin sifarişi buradan verilib – AÇIQLAMA

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib ki, “Navalnının ölümündə ABŞ və Avropa İttifaqı günahkardır”. O deyib ki, “Səbəbi məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Ancaq nəticə gözləmədən bu gün Navalnının ölümünün kimə sərf etdiyi ilə bağlı sualı cavablandırmaq lazımdır”.

V.Volodindən fərqli olaraq bir çox ekspert Navalnının ölümündə Rusiyanı və Prezident Vladimir Putini günahlandırır.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Rusiya müxalifətinin lideri hesab olunan Navalnının həbsxanada ölümü dünya ictimaiyyətinin mərkəzindədir:

“Belə ki, təxminən 10 il öncə müxalifətin digər lideri Boris Nemtsov Moskva şəhərinin mərkəzi küçələrinin birində qətlə yetirilmişdi. Yəni bu tipli hadisələr Rusiya dövlətinin beynəlxalq aləmdə nüfuzuna ciddi zərər verir. Bu məsələ ilə bağlı ümumi qənaət ondan ibarətdir ki, Navalnı Rusiya hakimiyyəti tərəfindən qətlə yetirilib.

Hesab edirəm, bu tipli məsələlər ciddi araşdırılmalıdır. Qərb dünyasından verilən reaksiyalar və Rusiyanın buna verdiyi cavablar daban-dabana zidd mahiyyət daşıyır.

Ümumiyyətlə, Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin dedikləri sadəcə təbliğat xarakterlidir. Həqiqət isə ondan ibarətdir ki, Navalnı Rusiya həbsxanasında ölüb. Yəni bütün hallarda qətlin sifarişi Kremldən gəlib”.

Turan Rzayev
Globalinfo.az