“Söyüdlüdə qızıl çıxaranlar daha təhlükəli zəhərdən istifadə edirlər” – Ekoloqdan şok açıqlama

Gədəbəy rayon Söyüdlü kəndində insanlar qızılın sianidlə çıxarılması nəticəsində zəhərləndiklərini, təbiətə, təsərrüfatlarına, sağlamlıqlarına ciddi zərər dəydiyini bildiriblər. Bəzi mənbələr isə qızılın dünyada şaxta üsulu ilə çıxarıldığını qeyd edir.

Bəs bu proses necə olmalıdır?

Məsələ ilə bağlı Globalinfo.az-a açıqlamasında ekoloq Telman Zeynalov deyib ki, onun da bildiyinə görə, qızıl şaxta üsulu ilə çıxarılır.

“Bunlar yeni texnologiya tətbiq edirlər, amma unudurlar ki, məsələ ilə bağlı ilk növbədə ictimaiyyətə məlumat vermək lazımdır. Yəni sianid haqda insanlara daha öncədən xəbərdarlıq olunmalı idi. Digər bir məsələ isə həmin tətbiq olunan texnologiya üçün lisenziya alınmalıdır. İndi bu işi görmək üçün onların lisenziyasının olub-olmamasını dəqiqləşdirmək lazımdır”.

Ekoloq deyib ki, Söyüdlü kəndində qızılı çıxarmaq üçün həm sianid, həm də civədən istifadə edirlər:

“Bu gün hər kəs sianiddən danışır, amma civə yada düşmür, çünki onu gizlədirlər. Civəsiz qızıl çıxmır axı. Qeyd edim ki, civə ömür boyu buxarlanıb havada qalır deyə, insan orqanizminə, torpağa, təbiətə də mənfi təsir göstərir. Bildiyiniz ən ağır zəhərlərdən biridir və insanı məhv edir”.

Zaira Akifqızı
Globalinfo.az