Söyüdlüdə monitorinqlər davam etdirilir – Kənd sakinləri tibbi müayinədən keçirilir – FOTOLAR

Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə müvafiq Komissiya tərəfindən ərazidə kompleks monitorinqlər davam etdirilir.

Komissiyadan Globalinfo.az-a a verilən xəbərə görə, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ətraf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklərin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir. Pay torpaqlarında və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analizlər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 21-də Baş nazir Əli Əsədovun Sərəncamı ilə Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyaya ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev rəhbərlik edir.

Komissiyaya səhiyyə nazirinin, fövqəladə hallar nazirinin, kənd təsərrüfatı nazirinin müavinləri, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

***

Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə səhiyyə orqanları tərəfindən Söyüdlü kənd sakinlərinin tibbi müayinələri təşkil edilib.

Globalinfo.az xəbər verir ki, Gədəbəy Rayon Mərkəzi Xəstəxanasının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqəsində yerli sakinlərin tibbi müayinələri aparılır.

Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.

İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib.