“Söyüdlüdəki gölə görə ölənlər var” iddiası – Həbslər olacaq?

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Gədəbəyin Söyüdlü kəndində fəaliyyət göstərən şirkətin işinin dayandırıldığını açıqlayıb. Lakin sakinlərin iddiasına görə, sianid gölü səbəbindən kənddə bir neçə gənc həyatını itirib. Belə olan halda məsələ ilə bağlı cinayət işi açıla bilərmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan beynəlxalq hüquq üzrə ekspert Fərhad Mehdiyevin sözlərinə görə, cinayət qanunvericiliyinin ekoloji cinayətlər adlı fəsilinin 247-ci maddəsində bildirilir ki, sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına, heyvanların kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda— məsul şəxs beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

“Əgər insanların sağlamlığına zərər vurulubsa, heyvanlar kütləvi tələf olubsa və ya digər ciddi hadisələr baş veribsə, bunu ağır nəticə kimi qiymətləndirmək və cavabdeh şəxsləri cəzalandırmaq olar.

Bunun üçün ətrafda quyu sularından, torpaqdan müvafiq laboratoriya analizləri götürülməlidir. Yəni sianidin orada parçalanmamış şəkli qalıbsa, dozası çoxdursa, insan sağlamlığına, heyvanların kütləvi məhvinə səbəb olma ehtimalları yaradırsa, cinayət məcəlləsinin 247-ci maddəsi ilə cinayət işinin açılması mümkündür”.

Hüquqşünas bildirib ki, həmin şirkətdə müəyyən şəxslər var ki, onlar ətraf mühit qaydaları mühafizəsinə görə məsuliyyət daşıyırlar:

“Məsuliyyət daşıyanlara qarşı çinayət işi açmaq mümkündür. Bunun üçün müvafiq yoxlamalar aparmaq lazımdır. Əgər yuxarıda sadaladığım hallar, həqiqətən də, yoxdursa, o zaman kimisə cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayacaq. Amma yenə də dəqiq araşdırmaq lazımdır. Nazirin araşdırmasını yetərli saymaq lazım deyil. Artıq növbəti və dəqiq araşdırmalardan sonra bir qərar vermək olar”.

Zaira Akifqızı
Globalinfo.az