TikTok-un söyüş “ulduzları”nı çökdürmək – Sosioloqdan səs-küylü təklif

Son günlər narazılıqlara səbəb olan məsələlərdən biri də məşhur Tiktokerlərin söyüşə və xuliqanlığa meyilli olmasıdır. Maraqlıdır, bu platformada məşhurlaşanların bəziləri niyə aqressiv və ədəbsiz olurlar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Elçin Bayramlının sözlərinə görə, cəmiyyətimizdə “məşhurluq” xəstəliyi geniş yayılmaqdadır.

O bildirib ki, belə bir xəstəliyi də media və sosial şəbəkələr üzə çıxarıb:

“Bəzilərində “istənilən halda məşhur olmaq lazımdır” prinsipi formalaşıb. Hansı yolla olursa olsun, əsas məşhur olsunlar. Çünki görürlər bu tip yollarla tanınan şəxslər bir “brend”ə çevrilir, pul qazanmaq imkanları yaxşılaşır, özlərini başqa yerlərdə təsdiq edə bilməyən adamlar da bu formada ucuz şöhrət və biabırçı hallarla gündəmə gələrək bundan bəhrələnmiş olurlar. Onlara da imkanı, “hörməti” izləyici kütlələri qazandırırlar. Bundan əlavə, qanunvericiliyimizdə boşluqlar var”.

Sosioloq deyib ki, bu tip insanları cəmiyyət olaraq özümüz yetişdiririk:

Elçin Bayramlı

“Fikir verin, sosial şəbəkə və mediada yayılan faydalı, elmi, maarifləndirici yazılar, maraqlı söhbətlər o qədər də izlənilmir, amma biabırçı görüntülər yüz minlərlə, milyonlarla kütlə toplayır. Bir növ bunları həvəsləndirir, şərait yaratmış oluruq. Onlar da bunu görüb, daha çox “irəli” gedirlər. Belə insanlar artıq “nüfuz” sahibi olur, açılışlara, tədbirlərə dəvətlər alırlar. Günahın ən azı 70 faizi cəmiyyətdədir. Bunları formalaşdırıb dəstək verən özümüzük! Əks təqdirdə belələri ortalıqda at oynada bilməzdilər! Kütlə onları boykot etsə, izləməsə, hörmət etməsə istər-istəməz özləri sıradan çıxacaqlar. Gəlin, günahı özümüzdə görək”.

E.Bayramlı sosial şəbəkələrin ölkələr üzrə olan seqmentlərini izlədiyini qeyd edib:

“Məsələn, Rusiya-Türkiyə seqmentində daha çox qlobal, elmi, ictimai, idman, mədəniyyət haqqında olan paylaşımlarda normal müzakirələr gedir. Hətta şərhlərdə həmin mövzu ilə bağlı çox maraqlı fikirlər ortaya qoyulur. Amma bizdə eyni materiallar paylaşılanda heç kim fikir vermir, şou və biabırçı, söyüş olan paylaşımlara isə kütləvi şəkildə şərhlər yazılır. Ona görə də, həmin şəxslər “ulduz” olmağı bacarırlar. İstəsək, ortalıqda olan söyüş “ulduzları”nı çökdürə bilərik. Kimsə onları izləməsə, əhəmiyyət verməsə, şikayətlər olunsa kimdir onları izləyən? Həmin şəxslər ya hüquqi yolla onlar cəzalandırılmalı, ya da ölkədə Tiktok bağlanılmalıdır. Başqa yolu yoxdur!”

Zaira Akifqızı
Globalinfo.az