ABŞ-a məxsus hərbi-nəqliyyat təyyarələri, havada yanacaq dolduran tanker təyyarələri və şaquli qalxışa malik pilotsuz uçuş aparatı yenidən İran körfəzinin neytral suları üzərində müşahidə edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İran dispetçerlərinin nəzarətində olan hava məkanının sərhədinin yaxınlığında ən azı üç ABŞ hərbi tanker təyyarəsi – “Boeing KC-135R Stratotanker” və “Boeing KC-46A Pegasus” uçuş həyata keçirib.
“İran körfəzinin neytral suları üzərində ABŞ-a məxsus ən azı üç hərbi-nəqliyyat və yanacaq dolduran təyyarə müşahidə edilib. Onlar İran dispetçerlərinin nəzarətində olan hava məkanının sərhədinə çox yaxın ərazidə dairəvi trayektoriya ilə uçurlar”, – deyə mənbə bildirib.
Onun sözlərinə görə, təyyarələr təxminən 6 kilometr yüksəklikdə uçur və onların hərəkət trayektoriyası mülki aviasiya uçuşları üçün ayrılmış hava dəhlizlərinə də toxunur.
Bundan əlavə, mənbə bildirib ki, İranın nəzarətində olan hava məkanının sərhədi yaxınlığında “Shield AI V-Bat” şaquli qalxış və eniş qabiliyyətinə malik kəşfiyyat PUA-sı da uçuş həyata keçirir.
Mənbənin sözlərinə görə, hazırda təxminən 1,5 kilometr yüksəklikdə uçan bu pilotsuz aparatın İran körfəzi üzərində hərəkəti nadir hallarda qeydə alınır.
ABŞ-a məxsus hərbi tanker təyyarələrinin uçuşları gün ərzində Oman körfəzi üzərində də qeydə alınıb. Mənbənin sözlərinə görə, həmin təyyarələr burada da dairəvi trayektoriya üzrə hərəkət ediblər.
Aysel Əliyeva
Globalinfo.az