Solovyovun söz “salaveyi”nin sahibi Kremldədir: O kimin dili ilə danışır?

Rusiyalı teleaparıcı, jurnalist Vladimir Solovyov “Krokus Siti Holl” konsert zalında törədilmiş terror aktını Azərbaycanla əlaqələndirməyə çalışır. Solovyov birbaşa ittiham etməsə də, dedikləri ilə buna eyham vurur. Son günlər isə yenidən Azərbaycan əleyhinə ardıcıl açıqlamalar verir.

Solovyovu Azərbaycan əleyhinə kim danışdırır? Onu ermənilər Azərbaycanın üstünə qızışdırır? Yoxsa Rusiya hakimiyyətinin tapşırığını icra edir?

Hikmət Babaoğlu

Mövzu ilə bağlı Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Vladimir Solovyov erməni lobbisinin ruporudur:

“O, hər fürsətdə, Azərbaycanı ittiham etməyə çalışır. Məhz buna görə də “Krokus Siti Holl” konsert zalında törədilmiş qorxunc terror aktını bizim üzərimizə yıxmaq istəyir.

Bu adamın fantaziyası çox güclüdür. Ağlı başında olan heç bir insan bu hadisədə Azərbaycan izi axtarmaz. Solovyov üçün əsas prioritet erməni dostlarına canla-başla xidmət etməkdir. Onu da unutmaq olmaz ki, Solovyov vaxtilə erməni liderlər tərəfindən ən yüksək səviyyədə qəbul edilib, təltif edilib.

Görünür, dövlət dairələrində də Solovyovun Azərbaycanı ittiham etməsini istəyənlər var. Amma bu, bütövlükdə Rusiyanı ittiham etmək üçün əsas deyil”.

Umud Mirzəyev

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev isə deyib ki, Vladimir Solovyov özbaşına danışmır:

“Görünür, onun danışması üçün konkret təlimat gəlib. Bildiyiniz kimi, Rusiyada müxtəlif maraq qrupları var. “Krokus Siti Holl” teraktının pərdəarxasında erməni izi də var. Görünür, bu izin üzə çıxmaması üçün əməlli-başlı iş gedir.

Görünür, Solovyov da Azərbaycanı hədəfə gətirərək bir növ buna xidmət edir. Çünki onun erməni lobbisi ilə güclü əlaqələri var. O ki qaldı Rusiya hakimiyyətinin Solovyovu məqsədyönlü şəkildə danışdırmasına, deyə bilərəm ki, bu məsələ bir qədər fərqlidir. Hakimiyyət təkcə Vladimir Putindən ibarət deyil. Yəni ola bilsin, Kremldə antiazərbaycan mövqeli şəxslər olsun. Bunu istisna etmək olmaz”.

Turan Rzayev
Globalinfo.az