21 il sonra ABŞ ordusu geri çəkilir: Yerini Türkiyə, yoxsa İran tutacaq?

Xarici KİV-də yayılan iddialara görə, sentyabrda ABŞ ordusunun İraqdan çıxacağı rəsmi şəkildə açıqlanacaq.

İraqın xarici işlər nazirinin gələn ay Vaşinqtona səfər edəcəyi və dövlət katibi ilə mətbuat konfransı keçirəcəyi bildirilir. Məlumata əsasən, burada ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiyanın İraqdakı missiyasının başa çatdığı elan olunacaq.

Beləliklə 2025-ci ilin sentyabrında beynəlxalq hərbi koalisiya qüvvələrinin İraq ərazisindən çıxarılmasına başlanılacağı deyilir.  Qüvvələrin 2026-cı ilin sentyabrında isə İraq Kürdüstanının ərazisini tərk edəcəyi planlaşdırılır.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, ABŞ qoşunları Donald Trampın prezidentliyi dövründə Suriyadan çıxdı:

“D.Tramp yenidən prezident seçilərsə, ABŞ ordusu İraqdan da çıxa bilər. Ümumiyyətlə, Tramp və komandası düşünür ki, Vaşinqton başqa ölkələr üçün müharibə aparmamalıdır. Buna görə də, o, ABŞ-ın xarici xərclərini azaltmış, fərqli ölkələrdəki kontingentlərini ölkəyə geri çağırmışdı.

D.Trampın Suriyanı tərk etmək planı Prezident Co Baydenin dövründə yarımçıq qalsa da, Əfqanıstandan çıxmaq məsələsi baş tutdu. Tramp təkrar seçilərsə, regionda dəyişən şərtlər onun xarici siyasətində korrektələr etməsinə səbəb ola bilər. Məsələn, İran-İsrail gərginliyi müharibə mərhələsinə keçərsə, ABŞ nəinki İraqı tərk etməyəcək, əksinə regiondakı hərbi kontingentini daha da artıracaq”.


Qabil Hüseynli

Politoloqun sözlərinə görə, İran indiki məqamda ABŞ-ın Yaxın Şərqdən çıxmasını çox istəyir”.

“Tehran düşünür ki, Vaşinqtonun burada boşalan mövqelərini doldura bilər. Amma bu, çətin məsələdir. Təcrübə göstərir ki, ABŞ regionu tərk etsə də, yerinə özünə bağlı bir güc qoya, ya da region özü bu gücü yarada bilər.

Hazırda Yaxın Şərq uğrunda Türkiyə, İsrail, Səudiyyə Ərəbistanı və İran arasında rəqabət var. Bu dörd ölkədən biri ABŞ-ın regionu tərk etməsi halında lider ola bilər”.

Qeyd edək ki, ABŞ və müttəfiqləri 2004-cü ildə Səddam Hüseyn hökumətini devirmək məqsədi ilə İraqa daxil olub.

Turan Rzayev
Globalinfo.az