ŞOK KADRLAR! Səfirliyə hücum haqda gözdən qaçan iki görüntü – VİDEO / YENİLƏNDİ

13:30

Ötən gün səhər saatlarında İrandakı səfirliyimizə təşkil edilən hücum bütün dünya mediası və siyasi arenasında geniş rezonans doğurdu.

Qərbin  nüfuzlu telekanalları, mətbuat orqanları hadisə ilə bağlı xəbərlər, kadrlar tirajladı. Bu günə qədər dünya mediasında yayımlanan terror kadrları adətən belə olurdu: bir nəfər əlində avtomatla hər kəsi qıra-qıra gedir. Bəlkə biz ötən gün də səfirliyimizdəki terrorla bağlı bənzər kadrları izləyəcəkdik. Ancaq həmin vaxt orada “göylərdən gələn bir qərar” və xalqın yetirdiyi bir qəhrəman var idi – Vasif Tağıyev.

Hazırda Dünya müharibəsi aparan bir ölkənin, yəni Rusiyanın rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Azərbaycanlı şir kimi döyüşürdü” dediyi Vasif Tağıyev.

Qarabağda güllənin, mərminin, tankın üzərinə gedən bir xalqın övladı həmin məqamda ancaq belə davrana bilərdi.

“Biz ordusu olan xalq deyilik, özü bütövlükdə ordu olan xalqıq” sözünü boş yerə demirdik.

Dünəndən etibarən hadisə ilə bağlı başqa ölkələrin vətəndaşlarının yazdıqları şərhləri oxuyuram. Əksəriyyəti bunu yazır: o qəhrəman olmasaydı, daha çox insan öləcəkdi.

Vasif Tağıyev öz qəhrəmanlığı ilə Azərbaycan xalqının kimliyini Vətən müharibəsindən sonra bir daha dünyaya göstərdi. Ermənilərin 30 ildir çərənlədikləri “azərbaycanlılar qorxaqdırlar, döyüşə bilmirlər” mifi bir daha tarixin zibilliyinə atıldı.

Ancaq…

Həmin gün mənim diqqətimi başqa bir kadr da çəkdi: İranın Bakıdakı səfirliyinin nümayəndələri heç bir təhlükə, aksiya olmadan sənədlərini götürüb qaçdılar. Rəsmən qaçdılar. Hətta mənə elə gəldi ki, onlar bu sürətlə düz Tehrana qədər qaçacaqlar.

Niyə qaçırdınız? Nədən qorxurdunuz? Azərbaycan xalqı gəlib sizi güllələyəcəkdi? Yox, biz terrorçu deyilik. Elə olsaydıq, Qarabağ işğalda olanda terror qruplaşması yaradıb oranı ermənilərə dar edərdik.

Amma qaçdılar… Bilirsinizmi niyə? Çünki haqsız idilər. Günahkar idilər.

Bizim qarşımızda da, islam dini qarşısında da, Allah qarşısında da günahkar idilər.

Azərbaycan xalqı, bu terrorda şəhid olan Orxan qardaşımızın ailəsi zamanla öz yarasını sarıyacaq, sağaldacaq, ancaq bu iki görüntü heç vaxt yaddan çıxmayacaq:

Bir tərəfdə əlisilahı caninin üzərinə yeriyib onu zərərsizləşdirən Azərbaycan oğlu Vasif Tağıyev, digər tərəfdə heç bir insident olmadan öz səfirliyini qoyub qaçan iranlı rəsmilər.

Fikrimcə, sərhədlərimizdə təlimlər keçirib hədələr yağdıran İran Arazın bu tayında onu necə qəhrəman oğlulların gözlədiyini başa düşmüş oldu.

Aqşin Evrən
Globalinfo.az