Batan gəmidən xilas olunanların səhhəti açıqlandı – VİDEO

“Bu gün səhər saatlarında Xəzər dənizində baş verən hadisə nəticəsində xəsarət almış şəxslər (3 nəfər qadın olmaqla) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub”.

Globalinfo.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbəy Məmməd deyib.

“Mərkəzdə onlara zəruri tibbi xidmət göstərilib. Hazırda vəziyyətləri stabildir. Gün ərzində ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub”, – o deyib.

***13:01

Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan “Delfin-2” gəmisi sualtı mane ilə üzləşib və nəticədə qəza baş verib.

Globalinfo.az bildirir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin Bakıda bulvar ərazisində gəzinti qayığının batması haqqında məlumatında qeyd olunub:

“Həmin an gəmidə üç heyət üzvü  və üç sərnişin olub. Dərhal Dövlət Dəniz və Liman Agentliyinin  Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat veriblər. Gəmidə olan şəxslər xilas olunub. Heç bir itki yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

***12:40

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə gəzinti qayığının çevrilməsi və gəmidəki şəxslərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində 3-ü ekipaj üzvü, 3-ü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub.

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər.

***11:53

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, batan gəmi onların balansında deyil:

“Həm gəmi, həm də gəminin batdığı ərazi Bulvar idarəsinə aid deyil. Keçən ilin oktyabr ayından Dənizkənarı Bulvar idarəsinin balansında olan tur gəmilərinin fəaliyyəti dayandırılıb”.

X X X

Bu gün səhər saatlarında Xəzər dənizinin Bakının Səbail rayonu, Şıx qəsəbəsi sahillərində tur gəmisi batıb.

Globalinfo.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tur gəmisi qəfil batmağa başlayıb, gəmidə olan şəxslər özlərini dənizə ataraq sahilə tərəf üzməyə çalışıblar. Bir qədər sonra isə başqa bir qayıq batan gəmiyə yaxınlaşıb.

FHN-nin Mətbuat xidmətindən bildirilib ki, bu gün nazirliyin “qaynar xətt”inə Xəzər dənizində gəzinti qayığının batması barədə ilkin məlumat daxil olub:

“Dərhal FHN-in dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib, batmaq təhlükəsizilə üzləşən şəxslər xilas edilib. Əlavə məlumat veriləcək”.