Sirlər açılır! Kamil Zeynallının həbsi haqda gözdən qaçan DETAL

“Kamil Zeynallının Ermənistanın tələbi ilə Rusiyada saxlanılması ətrafında müəmma var. Xüsusilə niyə indi saxlanılması maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, Zeynallı MDB çərçivəsində 2023-cü ilin mayında Ermənistanın irəli sürdüyü tələb əsasında saxlanılıb:

“Prosedur qaydalarına görə, Ermənistan Azərbaycan vətəndaşını MDB məkanında axtarışa verirsə, bununla bağlı təşkilatın rəsmi məlumatı olmalı idi;

– Onun Ermənistan tərəfindən axtarışa verilməsindən sonra dəfələrlə Rusiyada olduğu haqda məlumatlar var, niyə indi saxlanılır?

Ermənistan tərəfi ziddiyyətli açıqlamalar verdi: Baş prokurorluğu “Zeynallının həbsi ilə bağlı onlarda məlumatın olmadığını” bildirdi, halbuki rəsmi axtarışa veriblərsə, həbsdən dərhal sonra İrəvana məlumat verilməli idi. Bu təkzibdən sonra Ermənistan DİN Zeynallının axtarışa verildiyini təsdiqlədi. Ermənistan BP və DİN-in ziddiyyətinin səbəbi müəmma olaraq qalır”.

Ekspert qeyd edib ki, Ermənistanın Zeynallıya qarşı irəli sürdüyü ittihamlar “müharibə” ilə bağlıdır:

“Söhbət onun 44 günlük müharibədə Qarabağda “etdiklərindən” gedir ki, bu yalnız Ermənistanın iddialarından ibarətdir. Lakin bu ittihamlara görə, Zeynallının Ermənistana təhvil verilməsi hüquqi baxımdan mümkün deyil. Çünki Ermənistan Azərbaycan vətəndaşını, yaxud Azərbaycan Ermənistan və ya digər ölkənin vətəndaşını yalnız o halda həbs edə bilər ki, həmin şəxs axtarış tələbi ilə çıxış edən ölkənin ərazisində cinayət törətsin. Zeynallı Ermənistanda heç bir cinayət törətməyib, onun “nəsə etdiyi” iddia etdikləri Qarabağ Azərbaycan ərazisidir.

Bu həbsdə Rusiyanın marağı daha çox görünür. Və istisna deyil ki, Zeynallını həbs edən Moskva onun qarşılığında Azərbaycandan nəsə, yaxud kimisə istəsin. Zeynallının 44 günlük müharibədə “nəsə etdiklərinə” dair görüntülərin olması və Ermənistan tərəfindən “ittiham edilməsi” “qurban” olaraq onun seçilməsində rol oynaya bilər, yaxud rusların “qurban” olaraq başqa seçimləri olmayıb”.

Turan Rzayev
Globalinfo.az