Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin ikinci prezidenti Robert Köçəryanı məhkəməyə verməyə hazırlaşır. Buna səbəb kimi Köçəryanın onun ünvanına səsləndirdiyi təhqiramiz fikirlər göstərilir.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik” yayıb.
Məlumata görə, keçmiş prezident mətbuat konfransı zamanı Simonyan haqqında danışarkən, “belə sürüşkən adam orduda normal xidmət edə bilməz” deyib. Köçəryan bu sözləri parlament spikerinin son açıqlamalarına cavab olaraq səsləndirib.
Xatırladaq ki, Alen Simonyan Robert Köçəryanın prezidentliyi illərində Ermənistan ordusunda özbaşınalıq və xaos hökm sürdüyünü bildirib. Keçmiş prezident isə bu iddiaları rədd edərək spikerin fikirlərini əsassız adlandırıb.
Köçəryan eyni zamanda Simonyanın müntəzəm olaraq cəfəngiyat danışdığını bildirib və onun fikirlərinə ciddi yanaşmadığını vurğulayıb.
Alen Simonyan isə bu ifadələri şəxsi ləyaqət və nüfuzuna xələl gətirən açıqlamalar kimi qiymətləndirərək məhkəməyə müraciət edəcəyini açıqlayıb. Hələlik iddianın nə vaxt qaldırılacağı və hansı maddələr üzrə təqdim olunacağı barədə rəsmi məlumat verilməyib.
Əliyar Xəlil