Seymur Talıbov elmi dərəcəni belə alıb – Araşdırma

Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbovun elmi dərəcəsini şübhə altına alan araşdırma aparılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə araşdırmanı siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev aparıb və o, nəticəni sosial şəbəkədə ictimailəşdirib.

“Seymur Talıbov hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir alim kimi onun elmi fəaliyyətini araşdırdım. Şokdayam. Bu adam 2012-ci ildə Naxçıvan Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə qiyabi doktorantura təhsili alıb. Elə şok olan da burdadır”,-deyə Z.Əliyev qeyd edib.

O bildirib ki, Seymur Talıbov 2013-cü ildə “Regional enerji təhlükəsizliyinin beynəlxalq-hüquqi problemləri” adlı elmi iş müdafiə edərək, “hüquq üzrə fəlsəfə doktoru” elmi dərəcəsi alıb.

“2013-cü ildə elmi işini müdafiəyə təqdim edib. 2012-2013-cü illər arası 14 “məqaləsi” çap edilib. İlə 7 məqalə yazıb və hamısı da çox nüfuzlu jurnallarda dərc edilib. Halbuk,i o jurnallarda məqalə çap etmək üçün alim 6 ay gözləməlidir. Amma Talıbov qısa zamanla ardıcıl məqalələr dərc etdirib. Azərbaycan elmində “şok inqilab” yaradan Seymur Talıbov cəmi 1 il yarım ərzində işini bitirib, müzakirədən keçib və müdafiə edib. Halbuki, ən azı 6 ay vaxt lazımdır – müzakirə-seminar və müdafiə arası. Deməli, bu adam 1 ilə elmi işini “yazıb”.

Proses belədir. Bilməyənlər üçün. Dissertasiya ən uzağı 2 ilə yazılır. 7 məqalə + 1-nin xaricdə drəc olunması tələb edilir. Bunu da 2 ilə ancaq etmək olar. Sonra iki müzakirə – aralarında 3 ay fərq olmalıdır. Sonra seminara qədər 3 ay, müdafiəyə də 1 ay yarım. Sənədlər bir aya hazırlanır gedir Ali Attestasiya Komissyasına. Orda da ən azı 6 ay işə baxılır. İndi özünüz hesablayın…

Dünyada belə alim yoxdur. İQ səviyyəsi 160-dan çox olan dünyanın nəhəng alimləri bir ilə dissertasiya və 14 məqalə yaza bilməz. Amma Seymur Talıbov “yazıb”…

Və… 2014-cü ilin əvvəli fəlsəfə doktoru diplomu alıb. Cəmi 2 aya… Orda təkcə ekspertlər 2 aya işi oxuyur, rəy verir. 2 ay ərzində texniki baxış keçirilir, Rəyasət Heyətinə çıxır. 1 ay ərzində işə baxılır. Sonra da növbəti ay ərzində diplom təqdim edilir. Özünüz hesablayın.

Dünyada elə adam yoxdur ki, sənədləri Ali Attestasiya Komissyasına versin və diplomunu belə qısa zamana alsın…

1 il 9 ay ərzində elmi iş götür, mövzunu təsdiqlə, koordinasiya şurasından keç, 14 məqalə yaz, dissertasiya yaz, müzakirə-seminar-müdafiədən keç və diplomunu da al…….

Əsl alimlər bilir ki, bu prosesi ən super alim 3 ilə güclə çatdıra bilər. Amma Seymur Talıbov elmin supermenidir -1 il 9 ay! Buna görə ona Nobel mükafatı düşür”, – deyə dosent Z.Əliyev bildirib.