Səyahətə tələbat artdıqca AZAL hansı işləri görür?

Məlum olduğu kimi, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) bu ilin noyabr ayının əvvəlində “AirHub Airlines” və “GetJet Airlines” aviaşirkətləri ilə üç təyyarənin icarəyə götürülməsinə dair “yaş lizinq” sazişi imzalayıb.

Bu əməkdaşlıq AZAL-a genişləndirilmiş marşrut şəbəkəsi çərçivəsində rahat uçuşlar həyata keçirməyə və sərnişinləri əlavə reys seçimləri ilə təmin etməyə imkan verir.

Globalinfo.az bildirir ki, AZAL bu addımı insanların səyahətə artan tələbatını nəzərə alaraq atıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanın milli aviadaşıyıcısı marşrut şəbəkəsinin genişləndirilməsi və mövcud reyslər üzrə uçuşların tezliyinin artırılması istiqamətində işlər görməyə davam edir.

Dünya təcrübəsində geniş yer alan lizinq sazişi çərçivəsində hava gəmilərinin icarəsi ilə yanaşı, uçuş heyətinin təminatı, texniki dəstək, sığorta, uçuşların keyfiyyəti və təhlükəsizliyini təmin edən xidmətlər də nəzərdə tutulur.

Mülki aviasiya sahəsində beynəlxalq təcrübədə geniş istifadə olunan “yaş lizinq” sazişi çərçivəsində hava gəmilərinin icarəsi və digər xidmətlərlə yanaşı, uçuş heyətinin təminatı da nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində icarəyə götürülən təyyarələr sərnişinləri rahat və təhlükəsiz uçuş imkanı ilə təmin edir.

Yarana biləcək dil maneələrini aradan qaldırmaq üçün icarəyə götürülən təyyarələrdə əcnəbi heyətlə yanaşı, hər uçuşda AZAL-ın öz təyyarə bələdçiləri də mövcuddur. Həmçinin uçuşdan öncə və uçuş zamanı səsləndirilən bütün məlumatlar, ilk növbədə Azərbaycan dilində səsləndirilir.

Marşrut şəbəkəsi və uçuşların tezliyini genişləndirməkdə davam edən AZAL, sərnişinlərin artan tələbatlarını ödəmək məqsədilə lizinq təyyarələrindən İstanbul, Dubay, Milan, Vyana, Almatı, Astana və digər marşrutlarda istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, “GetJet Airlines” və “AirHub Airlines” tərəfindən icarə üçün təqdim olunan lizinq təyyarələri təhlükəsiz və etibarlı uçuşları təmin edən yüksək beynəlxalq aviasiya standartlarına cavab verir.