Səttar Möhbalıyev Xoşbəxt Yusifzadənin vəfatı ilə əlaqədar başsağlığı verdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib.

Globalinfo.az bildirir ki, başsağlığında deyilir:

“Tanınmış neftçi-alim və geoloq, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadənin vəfatı bizi dərindən kədərləndirdi.

Bununla əlaqədar olaraq, öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının üzvləri adından mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Xoşbəxt müəllimin vəfatı həm elmi ictimaiyyət, həm də cəmiyyətimiz üçün böyük itkidir. O, Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında, onun zəngin potensialının üzə çıxarılmasında əhəmiyyətli işlər görmüş şəxsiyyət idi. İyirmidən artıq neft-qaz yatağının kəşf edilib istismara verilməsi bilavasitə onun adı ilə bağlıdır. Görkəmli alimin ölkəmizin yeni neft strategiyasının uğurla həyata keçirilməsində böyük zəhməti danılmazdır.

Xoşbəxt müəllim əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, zəngin biliyi və təcrübəsi, eləcə də şən zarafatları ilə xalqımızın səmimi sevgisini və dərin hörmətini qazanmışdı.

İnanırıq ki, Xoşbəxt müəllimin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin”.

Malik Liftiyev
Globalinfo.az