Sərsəng su anbarında nələr baş verir? – VİDEO

***
09:00

Azərbaycanın Xankəndi şəhərindəki separatçı rejimin rəhbəri Araik Arutyunyan Sərsəng su anbarında vəziyyətin kritik olduğunu bildirib. O, Sərsəngdəki ehtiyatın elektrik enerjisi təminatı üçün istifadə edildiyini, bu səbəbdən anbarda suyun tükəndiyini deyib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bunun real təhlükə olduğunu bildirib:

“Qarabağ erməniləri elektrikə olan tələbatlarını tamamilə Sərsəng su anbarı vasitəsilə ödəyirlərsə, bəli, ehtiyatın tükənməsi mümkündür. Sözügdən anbarın iki funksiyası var ki, onlardan biri suvarma təminatıdır. Anbar vasitəsilə əsasən aran rayonlarında, Qarabağın düzənlik hissəsində suvarma işləri aparılır. Hazırda anbarda su yığılmalıdır ki, gələcəkdə yay aylarında, havanın temperaturunun yüksək olacağı bölgələr üçün Tərtər çayında su ehtiyatı olsun.

Mən bu il yay mövsümündə iki dəfə Tərtər çayına baxış keçirdim və çayın çox pis vəziyyətdə olduğunu gördüm. Yəni buradan suvarma üçün istifadə edilməsi mümkünsüzdür. İstər Suqovuşanda, istərsə də o ərazidə istifadə edilən digər kanallarda su təminatı Sərsəng su anbarından asılıdır”.

M.İsmayılov qeyd edib ki, ermənilər Sərsəng su anbarında vəziyyətin kritik olduğunu deyirlərsə, deməli, ehtiyatın həddən çox hissəsi elektrik enerjisi üçün sərf edilir:

“Bizim tərəfimizdən bu prosesə ciddi nəzarət edilməlidir. Yaxşı olar ki, onlara müəyyən qədər elektrik enerjisinin tərəfimizdən verilməsilə bağlı razılıq əldə edilsin. Nəticədə Sərsəng su anbarına çox yük düşməsin. Təbii ki, anbarın hazırkı vəziyyəti yay aylarında bizə bəzi problemlər yarada bilər. Onların bu açıqlamasına hökumətimiz tərəfindən ciddi reaksiya verilməlidir. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır.

Ötən iki il ərzində Qarabağın Aran hissəsində müəyyən suvarma problemləri var idi ki, bu hələ də qalır. Həmin problemin bu yay yaşanmaması arzuolunandır”.

Ayşən Mustafa
Globalinfo.az