Sərkisyan 2016-cı ildə Qarabağ üçün bu plana razılaşmışdı – Erməni deputat

“Nikol Paşinyan 2016-cı ildə Serj Sərkisyanın “Lavrov planı”nı qəbul etməyə hazırlaşdığını demişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Anna Mkrtçyan deyib.

“Hazırkı baş nazirin 2016-cı ildə İrəvanın Xorenatsi küçəsindəki çıxışını xatırlayırsınız? Orada açıq şəkildə bildirdi ki, Serj Sərkisyan “Lavrov planı”nı qəbul etməyə hazırlaşır, bu da Ermənistan və “artsax”ın kapitulyasiyasına gətirib çıxaracaq. 2018-ci ildəki inqilabın səbəblərindən biri də bu fəlakətin qarşısını almaq idi. Nəticədə isə biz Qarabağı itirdik və Ermənistanın suverenliyi zəiflədi”, – A.Mkrtçyan  bildirib.

Qeyd edək ki, “Lavrov planı”na görə, keçmiş Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana qaytarılması nəzərdə tutulmuşdu. Laçın və Kəlbəcər rayonları isə Ermənistanın Qarabağla əlaqəsini təmin etmək üçün dəhliz kimi saxlanılırdı. Bundan sonra Rusiya sülhməramlılarının Dağlıq Qarabağ ətrafında yerləşdirilməsini və regiona qeyri-müəyyən müddətə  “müvəqqəti status” verilməsini nəzərdə tuturdu. Lakin plan Dağlıq Qarabağın yekun statusuna dair referendumun necə baş tutacağına və yekun hüquqi statusun necə olacağına aydınlıq gətirmirdi.

Əlavə edək ki, belə bir planın mövcudluğu mübahisəli idi.

Ayşən Mustafa
Globalinfo.az