Sərhədlərlə bağlı yeni qərar: “Referendum keçirilsin!”

Aprelin 9-da Ermənistan parlamentində sərhədlərin delimitasiyası ilə bağlı baş tutan qapalı iclas kifayət qədər gərgin keçib. Məlumata görə, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Ermənistan siyasi elitasında sərhədlərin delimitasiya məsələsi ciddi müzakirə olunur:

“Bu, Ermənistan müxalifəti ilə Nikol Paşinyan hökuməti arasındakı ziddiyyətli mövzulardandır. Müxalifət bütün imkanları ilə prosesə qaşı çıxmağa çalışır. Lakin görünən odur ki, iqtidar sərhədlərin müəyyənləşdirilməsinin zəruriliyinə xalqı və müxalifəti inandırmaq istəyir”.

Siyasi şərhçinin fikrincə, müxalifətin referendum tələb etməsinin bir sıra səbəbi var:

“Birincisi, öz iradəsini göstərir. Tərəfdarlara prosesin qarşısını mümkün qədər almaq üçün referendum tələb etdiyini bildirir. Bununla da xalqın nəbzini yoxlamağı hədəfləyir.

Əgər referendum nəticəsinə uyğun olaraq xalq delimitasiya və demarkasiyaya qarşı çıxarsa, perspektivdə xalq və hakimiyyət üz-üzə qalacaq.
İkincisi, müxalifət vaxt qazanmağa çalışır”.

K.Novruzovun sözlərinə görə, delimitasiya və demarkasiya ilə bağlı referendumun keçirilməsi mümkündür:

“Bu gələcəkdə hakimiyyətin də əlini gücləndirə bilər. Əgər xalq Paşinyanı dəstəkləsə, sərhədlərin delimitasiya və demarkasiyası baş tutacaq”.

Safura Bənnayeva
Globalinfo.az