Sərdar Cəlaloğlu Pənah Hüseynə cavab verdi: “…təhqiramiz vəziyyətə salındı”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “Azad Söz” Yutub kanalında çıxışı zamanı bildirib ki, bir neçə partiya sədrinə təzyiq və təhdid edildiyi üçün onlar sentyabrın 1-də baş tutan növbədənkənar parlament seçkilərində iştirak etməyib, yaxud namizədliklərini geri götürüblər.

O bu cür təzyiqlərə üzləşənlər arasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğu, Ümid Partiyasının sədri İqbal Ağazadənin də olduğunu qeyd edib. Hətta tam əminliklə Sərdar Cəlaloğulu ilə müzakirələr apardığını, səsləndirdiyi fikirlərin doğru olduğunu bildirib.

Globalinfo.az-a danışan Sərdar Cəlaloğlu deyib ki, Pənah Hüseynlə bu barədə müzakirələri olub:

“Lakin ona deməmişəm ki, seçkilərdə iştirak etdiyimə görə təhdid edildim və bu səbəbdən namizədliyimi geri götürdüm. Sadəcə seçkilərdən sonra bir neçə tanınmış şəxsin təhdidlərə məruz qaldığı, ölümlə hədələndiyi ilə bağlı səsləndirdiyi fikirləri qeyd etdim. Əslində seçkilərdən 3-4 ay öncə namizədliyimi irəli sürməyəcəyimi bildirmişdim. Seçkilər başlayana yaxın partiya üzvləri mənim iştirakım olmadığı üçün prosesə maraqla yanaşmırdılar. Buna görə seçkilərdə namizədliyimi irəli sürdüm. Lakin sona qədər getməyəcəyimi bilirdim. Çünki ümumi proseslə bağlı aydın təsəvvürüm var idi. Yenidən hər şeyin düşündüyüm kimi olduğunu gördüyüm üçün namizədliyimi geri götürdüm”.

Onun sözlərinə görə, seçkilərdə iştirak edən Pənah Hüseyn prosesdən çox narazı qaldı, təhqiramiz vəziyyətə salındı:

“Eyni halı mən də yaşaya bilərdim. Səs toplamayan namizədə 60-70, mənə isə 3-4 faiz səs yazacaqdılar. Pənah bəyə də elə bu barədə danışdım. Şəxsən mənə qarşı təhdid və təzyiq olmayıb və heç bu barədə müzakirə də aparmamışıq”.

Xatırladaq ki, bir müddət öncə, Sərdar Cəlaloğlu Globalinfo.az-a açıqlamasında bildirmişdi ki, Yeni Azərbaycan Partiyasından rəqibi Babayev Asimanı heç təmsil etdiyi partiyada belə tanıyan yoxdur. Onun seçki kampaniyası çərçivəsində saxta imza toplamasını da istisna etməmiş, bunu aşkara çıxartmaq üçün hətta məsələ qaldıracağını bildirən Sərdar Cəlaloğlunun birdən-birə namizədliyini geri götürməsi maraq yaratmaya bilməzdi.

Sərdar Cəlaloğlu onunla sağollaşdıqdan sonra telefonu söndürdüyünü düşünüb, “Pənah aramızda danışdıqlarımızı canlı yayımda səsləndirib deyə, indi mənə belə zənglər gəlir” deyib.

Safura Bənnayeva
Globalinfo.az