Serbiya prezidenti Ceyhun Bayramovu qəbul etdi – YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına səfəri çərçivəsində Prezident Aleksandr Vuçiç tərəfindən qəbul edilib.

XİN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, qarşılıqlı yüksək səviyyəli səfərlərin, o cümlədən, ötən ilin noyabr ayında Prezident İlham Əliyevin Serbiyaya dövlət səfərinin və Prezident Aleksandr Vuçiçin ötən ilin dekabr ayında Azərbaycana işgüzar səfərinin önəmi vurğulanıb.

Görüşdə ticarət və iqtisadi əlaqələrin inkişafı prespektivləri ətrafında fikir mübadiləsi aparılıb və Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti təqdir edilib.

İki ölkə arasında enerji, kənd təsərrüfatı, turizm və digər istiqamətlərdə strateji əməkdaşlığın etdirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.

Görüş zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və regionda davamlı sülhün qurulması imkanları barədə fikir mübadiləsi aparılıb.

Prezident Aleksandr Vuçiç Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

***14:26

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsində səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli strateji münasibətlərə dair məsələləri, əməkdaşlığın perspektivlərini və regiondakı son vəziyyəti müzakirə ediblər.

Serbiya Prezidenti Ceyhun Bayramovu qəbul edib