Separatçıların daxilində çatlar böyüyür: Proses Bakıdan necə izlənir?

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndidəki separatçı rejim son günlər ciddi siyasi böhran içərisindədir. Belə ki, separatçıların daxilində siyasi çatlar artmaqdadır.

Qondarma hökumətin media resursları bir neçə ay bundan öncə təyin olunmuş Ruben Vardanyanın tezliklə istefa verəcəyi barədə məlumatlar paylaşır. Diqqətçəkən məqam isə bir gün sonra qondarma dövlət nazirinin bu xəbərləri təkzib etməsidir. Vardanayan açıq şəkildə “postunu” tərk etmək fikrində olmadığını bildirib.

Maraqlıdır, bəs Qarabağ separatçıları arasındakı narazılıq Bakıdan necə izlənir? Bu, hansı nəticələrlə yekunlaşacaq? Prosesin yekununda qalib kim olacaq? Azərbaycan bu prosesə hansı formada müdaxilə edir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Xankəndidəki separatçılar daxilində ixtilafın olması heç kəsə sirr deyil:

“Son baş verən hadisələr fonunda demək olar ki, bunu onlar da gizlədə bilmir. Belə ki, əvvəlcə separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan istefaya göndərildi. Yanvarın 16-da Arayik Arutyunyan “Qarabağ Milli Təhlükəsizlik Xidmətinin” “rəhbəri” Aşot Akopjanyanı vəzifəyə qovub və əvəzinə bir həftə əvvəl dırnaqarası Qarabağ Təhlükəsizlik Şurasına təyin olunmuş Ararat Melkumyan gətirilib.

Göründüyü kimi, Ruben Vardanyan faktiki olaraq öz komandasını formalaşdırır. Lakin bütün bunlara baxmayaraq onun reytinqi son zamanlar kifayət qədər aşağı düşüb.

Vardanyan ermənilərə sülh gətirmək, onların problemlərini həll etməkdənsə Azərbaycanı qıcıqlandıracaq silsilə addımlar atırdı. Bu isə rəsmi Bakının onunla danışıqlara getməsi ehtimalını sıfırlayır. Rəsmi Bakı Azərbaycanı düşmən adlandıran belə adamla heç vaxt təması ola bilməz”.

Politoloqun fikrincə, N.Paşinyan ilə R.Vardanyan arasında da ixtilaf var:

“Vardanyan Qarabağa gəlib vəzifəyə təyin edildiyi gündən bir dəfə də olsun Nikol Paşinyanın adını çəkməyib. Bənzər şəkildə Paşinyan da onun haqqında nəsə demir. Əslində bu həm də Paşinyanın Vardanyandan ehtiyat etməsindən irəli gəlir. Paşinyan Vardanyanın əslində Ermənistan müxalifəti üçün hazırlanmış Rusiyanın yeni planı olduğu düşünür. Buna görə də məsafəsini qoruyur.

Hesab edirəm, Vardanyanın reytinqi daha da aşağı düşəcək və rəsmi Bakının maraqlarına uyğundur. Ümumiyyətlə rəsmi Bakı Şuşa-Xankəndi yolunda aksiyaları davam etməli, daimi post qurulmalı, yola nəzarət tam təmin edilməlidir. Bakı bu addımından geri dönməməlidir. Separatçılara qarşı bütün təzyiq rıçaqlarından istifadə etməliyik.

Turan Rzayev
Globalinfo.az