Ermənistan tarixi qərar ərəfəsində – “Bufer zona” yaratmaq planı

“Keçmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyanın “bəyanatlarının” siyasi və hüquqi önəmi yoxdur. Separatçılara belə çıxışlar üçün platforma verilməsinin arxasında dayanan siyasi dairələrin maraqlarının nəzərdən keçirilməsi bu “bəyanatların” mətnindən daha böyük önəm daşıyır”.

Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hərbi-siyasi rəhbərliyi belə “bəyanatların” səsləndirilməsində maraqlıdır:

“Dünyaya sülh mesajı verən Paşinyan daxildəki revanşistləri sakitləşdirmək üçün separatçılardan istifadə edir. Təbii ki, ona bu “manevrləri” diktə edən tərəflərin maraqları da unudulmamalıdır. Xüsusilə də erməni lobbisi-Qərb birliyinin əsas hədəfi həm Paşinyan hakimiyyətini qoruyaraq Rusiyanın Ermənistandakı təsir imkanlarını məhdudlaşdırmaq və beləliklə də regiona nüfuz etmək üçün “bufer zona” yaratmaq, həm də Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdıraraq sülh müqaviləsinin öz maraqlarına uyğun tərtib olunmasına nail olmaqdır.

Aytən Qurbanova

Lakin unutduqları əsas məqam ondan ibarətdir ki, Azərbaycanın maraqlarına zidd mövqe nümayiş etdirərək və ya ərazi bütövlüyümüzü hədəf alaraq nə regionda öz mövcudluqlarını qoruya, nə də sülh danışıqlarında təmsil oluna bilərlər. Ona görə də belə “bəyanatlar” heç vaxt Azərbaycan üzərində təhdid formalaşdıra bilməz. Amma sülh danışıqlarına zərbə vurmağa davam edən Ermənistanın mövcudluğunu təhdid edəcək ciddi mesajları özündə ehtiva edə bilər.

Nəticə etibarilə Ermənistan artıq həyati əhəmiyyətli qərar verməlidir: ya Azərbaycanın sülh təklifini qeyd-şərtsiz qəbul edərək regional inteqrasiya yolunda müstəqil dövlət kimi inkişaf edəcək, ya da bu “sülh oyununa” davam edərək Cənubi Qafqaz uğrunda gedən mübarizədə “alət dövlət” olaraq müstəmləkəyə çevriləcək”.

Turan Rzayev
Globalinfo.az