Separatçıların İrəvanda gizli iclası – Fərqli məqsədləri var

Keçmiş qondarma rejimin Ermənistana qaçan “deputatları” İrəvanda gizli iclas keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu haqda erməni ictimai fəal Sergey Karnauxov yazıb.

Məlumata görə, iclasda bütün “nümayəndələr” iştirak edib, hətta əlavə iki şəxs “deputat mandatı” alıb.

“Aysor Armenia” qondarma rejimin toplantısında iştirak etdiyi bildirilən nümayəndələrlə əlaqə saxlamağa çalışıb. Onlardan Nela Qriqoryan heç bir suala cavab verməyəcəyini, Davit Qaltsyan sualı eşidən kimi yolda olduğunu və cavablaya bilməyəcəyini deyib.

Davit Melkumyan isə telefonu söndürüb. Separatçı “parlament”in əsas simalarından Metakse Akopyan də zənglərə cavab verməyib.

Ermənistan KİV İrəvan hakimiyyətinin bu iclasa, separatçıların fəaliyyətinə qəti şəkildə qarşı olduğunu, onları ölkənin təhlükəsizliyi üçün təhdid hesab etdiyini yazır. Həmçinin bir neçə gün öncə Samvel Şahramanyanın da bu “parlament”in toplanmasına mane olmağa çalışdığına dair xəbərlər yayılmışdı. Nikol Paşinyan və yaxın adamlarının ölkədə Qarabağ məsələsini tamamilə gündəmdən çıxarmağa çalışdığı, Ermənistana köçənlərə özləri üçün başqa iş tapmalarına dair göstəriş verdiyi iddia olunurdu.

Separatçı “deputatların” bütün bunlara rəğmən İrəvanda gizli şəkildə toplanması xüsusi diqqət çəkib. Hazırda ölkədə vəziyyətin gərgin olduğu bir zamanda bu addımın məqsədinin fərqli ola biləcəyi qeyd edilir.

Ayşən Mustafa
Globalinfo.az