Separatçılar “içəridə” necə qorunur? – “Onların danışmasını istəməyənlər var, ona görə…”

Separatçıları həbs etmək qədər onları qorumaq da çətindir. Onların başlarına bir şey gəlməməsi üçün Azərbaycan dövləti var qüvvəsi ilə çalışır. Təkcə ona görə yox ki, bir şey olsa dünya üstümüzə qalxar. Onlar daha çox əllərindəki, dillərindəki informasiyalarla qiymətlidirlər və ölməməlidirlər.

Azərbaycanda onların başına bir şey gəlməsini istəyən qüvvələr olmamış deyil. Bu səbəbdən də hazırda həbsdəki “prezidentlər” ciddi qorunur. DTX təcridxanası bu iş üçün ən uyğun yerlərdən sayılır.

Həmçinin separatçılarının ifadələrindən sonra ölkədə bir sıra sensasion həbslərin olacağı deyilir. Son 30 ildə baş vermiş və müəmma qalmış bəzi hadisələrə aydınlıq gətiriləcəyi gözlənilir.

Hazırda ölkəmizdə separatçıların təhlükəsizliyini təhdid edən qüvvələrin varmı? Onların ifadələri kimləri narahat etmiş ola bilər?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan Azad Demokratlar Partiyasının sədri (AzDP), təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər bildirib ki, Bakıya gətirilən separatçıların həm xaricdə, həm də Azərbaycan daxilində əlaqədə olduğu qüvvələr var:

Sülhəddin Əkbər

“Həbs olunanlar qondarma rejimdə yüksək siyasi-hərbi vəzifələr tutmuş, bu səbəblə məxfi informasiya daşıyıcısı olan şəxslərdir. Onlarda işğal altında olan ərazilərdə baş verən hadisələr, separatçı rejimin xaricdə, həmçinin Azərbaycan daxilində olan əlaqələri barədə məlumatlar var. Bu rejim heç şübhəsiz bir sıra ölkələrin xüsusi xidmət orqanları, siyasi-hərbi rəhbərliyi, bu rəhbərliklərin nümayəndələri ilə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Müxtəlif cinayətlərdə iştirak ediblər. Başda Rusiya olmaqla Azərbaycan daxilində müxtəlif ölkələrin agentura şəbəkələri ilə sıx əlaqədə olublar. O baxımdan bu şəxslərin sözügedən dairələrlə əməkdaşlığının üzə çıxma ehtimalı var”.

S.Əkbərin sözlərinə görə, istintaq prosesinin davam etdiyi müddətdə həmin şəxsləri susdurmağa çalışanlar ola bilər:

“Bütün bunlar nəzərə alınaraq istintaqın tam obyektiv və hərtərəfli aparılması çox mühümdür. Burada biz çox ciddi informasiyalar əldə edə bilərik. Həmin məlumatlar Bakı üçün ciddi informasiya resursu ola bilər. Beləliklə, gələcəkdə bizim psixoloji, diplomatik, informasiya müharibəsi cəbhəmizdə çox ciddi vasitə əldə etmiş olacağıq. Bu amillər nəzərə alınaraq Bakıya gətirilən şəxslərin təhlükəsizliyinin təminatı məsələsi çox vacibdir. Çünki bu şəxslərlə birbaşa əlaqədə olmuş qüvvələr çalışacaqlar ki, onlar danışmasınlar, susdurmaq istəyəcəklər. Həmin şəxslərin təhlükəsizliyi gücləndirilməli, bütün əlaqələri nəzarət altına alınmalıdır. Paralel olaraq istintaqı aparan şəxslərə də nəzarət olunmalıdır. Sadəcə ifadə verən şəxslərə deyil, istintaqı aparan müstəntiqlərlə də əlaqə yaratmağa çalışacaqlar”.

Ayşən Mustafa
Globalinfo.az