“Azad İran” Teleqram kanalı İran Prezidenti Məsud Pezeşkianın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) edilən hücum səbəbi ilə İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) narazılığını bildirdiyini yazıb. Məlumata görə, Pezeşkian SEPAH-ı “tamamilə məsuliyyətsiz” adlandırıb. O bu hərəkətlərin ölkənin siyasi rəhbərliyinin xəbəri olmadan və koordinasiyasız həyata keçirildiyini vurğulayıb.
İran prezidentinin hətta region ölkələri ilə gərginliyin artması halında geridönüşün olmayacağına dair xəbərdarlıq etdiyi qeyd olunur. Pezeşkianın ali rəhbər Müctəba Xamenei ilə təcili şəkildə görüşmək istədiyi bildirilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, bu məlumatın hələ tam doğru olub-olmadığı bəlli deyil:
“Çaşdırıcı manevr məqsədli saxta məlumat olması da mümkündür. Amma doğrudursa, bu, regionda gərginliyin artması, İranda iqtisadi və siyasi risklərin yüksəlməsi, paralel olaraq Körfəz ölkələri ilə münasibətlərin pozulması və hökumətin diplomatik xəttinin zədələnməsi anlamına gələ bilər.
İranda hakimiyyət vahid mərkəzdən idarə olunmur. Orada paralel güc mərkəzləri var. Məsələn, Prezident – Pezeşkianın administrasiyası və hökumət, eyni zamanda Ali Lider institutu və qısa adı ilə SEPAH. İnqilab Korpusu təkcə hərbi qurum deyil, həm də regional əməliyyatlar aparır, xarici siyasətdə ciddi təsirə malikdir və bəzi hallarda hökumətdən daha müstəqil davranır. Məhz buna görə koordinasiya itkisi çox vaxt fikir ayrılıqlarına səbəb olur”.

Elnur Ənvəroğlu
Siyasi şərhçi qeyd edib ki, İranda belə hallar əvvəllər də olub:
“SEPAH bəzən daha sərt addımlar atıb, hökumət isə sonradan diplomatik balans yaratmağa çalışıb və mövcud vəziyyəti normallaşdıra bilib. Bu, sistemin xüsusiyyətidir, yəni nəzarətsiz xaosdan çox, idarə olunan gərginlik kimi də qiymətləndirilə bilər.
Ümumiyyətlə, SEPAH-ın prezidentə qarşı hər hansı addım atması indiki vəziyyətdə rəsmi Tehrana sərf etməz, hətta baha başa gələ bilər. Belə olarsa, daxili sabitlik pozular, beynəlxalq təzyiq artar, iqtisadi vəziyyət daha da pisləşər. Onsuz da ABŞ Prezidenti Donald Tramp bir əlində “cəllad qılıncı” ilə İranın qapısını kəsdirib. Ona görə də bu, nə SEPAH-ın, nə də sistemin marağındadır.
Daxildə fikir ayrılığı olub və olacaq da. Amma hakimiyyət həmişə idarəetmə sistemində balansı qorumağa çalışır. Regiondakı gərginlik artdıqca bu tip ziddiyyətlər daha görünən olacaq və zamanla adiləşəcək.
İran hakimiyyəti yalnız ölkə tamamilə iqtisadi böhran içində darmadağın vəziyyətə düşərsə, ciddi risklə üzləşə bilər. Hazırda əsas həssas nöqtə Hörmüz boğazıdır. İranın iqtisadi gəlirləri geniş sərhəd və ticarət şəbəkəsinə əsaslanır: təxminən 8,6 min kilometrdən çox sərhəd xətti mövcuddur ki, bunun bir hissəsi dəniz, qalanı isə quru sərhədləridir. Hörmüz boğazı uzun müddət bağlansa belə, İran Pakistan üzərindən alternativ kanalları işə sala bilər. İranı tam blokadaya almaq isə ABŞ üçün həm strateji, həm də hərbi-texniki baxımdan olduqca mürəkkəb bir prosesdir”.
Turan Rzayev
Globalinfo.az