Son günlər SEPAH-a bağlı saytlar və Teleqram kanalları İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin həlak olduğu helikopter qəzasını Azərbaycanla əlaqələndirməyə çalışır. Paylaşımlarda birbaşa ittiham olmasa da buna eyham vurulduğu açıq şəkildə hiss olunur.
Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, SEPAH-a bağlı saytların və Teleqram kanallarının helikopter qəzasında İran rəsmilərinin həlak olmasını Azərbaycanla əlaqələndirməyə çalışacağı gözlənilən idi:
“Ümumiyyətlə, hadisə sonrası ilk atmacalar atılmağa başlandı. Son günlər isə bu, açıq şəkildə hiss edilir. Lakin bu iddialar absurd və reallıqdan uzaqdır.
Hadisəyə qədər İran Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırdı. Tehran necə Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır ki, helikopter qəzasını qonşusunun üzərinə yükləmək istəyir? Üstəlik arqumentlərdən biri də Azərbaycan-İsrail tərəfdaşlığıdır.
Baş verən hadisənin məsuliyyətini rəsmi Tehran özü daşıyır. İbrahim Rəisini köhnə helikopterə mindirən, mürəkkəb hava şəraitində uçuşa icazə verən aidiyyəti qurumlardır. Helikopter qəzasına görə birbaşa məsuliyyəti İran özü daşıyır”.
Turan Rzayev
Globalinfo.az