Iran liderler

İranda etiraz aksiyaları artan tempdə davam edir. Bəzi ekspertlər prosesin tədricən inqilab kontekstinə keçdiyini iddia edirlər. Cənub qonşumuzda daxili vəziyyət gərginləşdikcə ölkənin keçmiş üç monarx ailəsinin yaşayan üzvlərinin sosial şəbəkələr və media üzərindən aktiv fəaliyyəti diqqət çəkir.

İranın keçmiş şahı Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvi və anası Fərəh Pəhləvi tez-tez efirlərə çıxır. Qacar xanədanının yaşayan nümayəndəsi Babək Mirzə Qacar da taxta iddialarını gizlətmir. Diqqət çəkən digər sima isə Rza Xəzli-Əfşardır. Soyadından da göründüyü kimi, Nadir şahın soyundan gələn Rza həm İran taxtına iddiasını irəli sürüb, həm də oğlu Ariyanı taxt şahzadəsi elan edib.

Maraqlıdır, etiraz aksiyalarının günbəgün şiddətləndiyi bir dövrdə İranı fərqli vaxtlarda idarə edən üç ailənin yaşayan nümayəndlərinin aktivləşməsi nədən xəbər verir? Molla rejiminin devriləcəyi təqdirdə İran xalqı Pəhləvi, Qacar, yoxsa Əfşar xanədanından bir nümayəndəni rəhbər görmək istəyəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev deyib ki, İranda etiraz aksiyaları şiddətlənsə də, indiki məqamda mövcud teokratik rejimin devrilməsi, ya da ölkənin parçalanması real görünmür:

“Hesab edirəm, bu haqda danışmaq üçün hələ çox tezdir, çünki geosiyasi vəziyyət də bunun olmayacağını göstərir. Lakin etiraz aksiyaları mövcud rejimin dayaqlarını laxladıb. Yəni uzunmüddətli perspektivdə teokratik rejimin devrilməsi mümkündür.

Turab rzayev 2

O ki qaldı İran tarixində izi olan və İranı idarə etmiş hər üç xanədana, deyə bilərəm ki, onların ortaya çıxması təsadüfi deyil. Məsələ ondadır ki, etiraz aksiyaları fonunda rejimin devriləcəyini düşünən insanlar var. Bu gün olmasa da, gələcəkdə belə bir halın baş verməsi ehtimalını nəzərə alan bu şəxslər özlərini həmin günə hazırlamaq istəyir”.

Ekspert Pəhləvilər, Qacarlar və Əfşarların İran taxtına yenidən keçməsi haqda da danışıb:

“Ümumiyyətlə, bu gün İran taxtına ən çox iddiası olan qüvvə keçmiş şah Məhəmməd Rza Pəhləvinin böyük oğlu Rza Pəhləvidir. Çünki İranda nə Babək Qacarı, nə də Rza Xəzli-Əfşarı onun qədər tanıyırlar.

Hesab edirəm, İranda rejim devrilsə belə, hakimiyyətə fars və azərbaycanlı elitasının nümayəndələri gələcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: