dik mossad

“İsrailin Azərbaycandakı səfiri Corc Dikin son müsahibəsində kifayət qədər diqqətçəkən məqamlar var. Xüsusilə də onun ölkəmizi İsrailin strateji tərəfdaşı adlandırması mühüm nüansdır. Təl-Əviv heç bir ölkəyə qarşı bu cür açıq, qeyri-diplomatik üslubda ifadə işlətmir. İki ölkə arasında tarixi, mədəni, iqtisadi əlaqələr var və günü-gündən inkişaf edir”.

Bu sözləri Globalinfo.az-a politoloq Samir Hümbətov İsrailin Azərbaycandakı səfiri Corc Dikin son müsahibəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan İsrailin regiondakı ən etibarlı strateji tərəfdaşı müttəfiqi partnyorudur:

“İsrail-Azərbaycan münasibətləri müstəqilliyin ilk illərindən formalaşıb, bu gün də uğurla davam edir. Rəsmi Təl-Əviv dövlət müstəqilliyimizi tanıyan ilk ölkələrdəndir. İki ölkə münasibətlərinin inkişafına təkan verən bir sıra faktorlar var.

Birincisi, Azərbaycan yəhudilərin min illərdir yaşadığı və tarixin heç bir dövründə zorakılığa, soyqırıma məruz qalmadığı nadir coğrafiyalardandır. Təsadüfi deyil ki, əksər yəhudilər bu gün Azərbaycanı özü üçün ikinci vətən olaraq görür. Eyni zamanda bu gün Azərbaycanda yaşayan dağ yəhudiləri iki ölkə münasibətlərinin inkişafında xüsusi rola malikdir.

İkincisi, Azərbaycan strateji olaraq şimal-cənub, şərq-qərb əlaqələrinin rahatlıqla qurulduğu bir regionda yerləşir. Bakının strateji mövqeyi İsrail üçün olduqca vacibdir. Xüsusilə də İsrail özü üçün real düşmən gördüyü İran ilə Azərbaycanın sərhədi var. Bu gün İran başda Suriya, Fələstin və İraq olmaqla, bir çox ölkə üzərində İsraili təhdid edir. Bu mənada İsraildə İrana yaxın olan Azərbaycan ilə hər zaman münasibətləri yaxşı tutub.

Üçüncüsü, bu gün ölkələr arasında iqtisadi, energetika və hərbi sahədə sıx əməkdaşlıq mövcuddur. İsrail Azərbaycandan neft, qaz alır, eyni zamanda ölkəmizə ən yeni silahların satışını gerçəkləşdirir. Onu da deyim ki, İsrail heç bir ölkəyə satmadığı silahları Azərbaycan satır”.

Politoloqun sözlərinə görə, İsrail yaxşı bilir ki, bu gün İranda 40 milyon azərbaycanlı yaşayır və rəsmi Bakı onlara təsir etmək imkanına sahibdir:

“40 milyon azərbaycanlı faktoru bu gün İranı narahat edən ən önəmli məsələdir. Tehran başa düşür ki, Bakı rahatlıqla onlara təsir edə bilər. Bu isə hər şeydən öncə İsrail maraqlarına uyğundur. Zəif bir İran İsrail üçün daha məqbuldur. Buna görə də İsrail ortaq təhdid kimi İran faktorunu qabardaraq Bakıya dəstəyini ifadə edir.

Hesab edirəm, İsrailin müdafiə naziri Benni Qantzın Azərbaycana gözlənilməz səfəri və səfirin bu məsələyə toxunması da təsadüfi deyil. Görünür müdafiə nazirinin ölkəmizə səfəri də bu və ya başqa formada İran ilə bağlıdır. Mümkündür ki, MOSSAD bir sıra kəşfiyyat məlumatları əldə edib və bunları Bakı ilə bölüşür”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: