Azərbaycanda tapılan “qədimi” divarların nə olduğu bilindi – VİDEO

Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ vulkanının yaxınlığında qala divarlarının üzə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları əraziyə baxış keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavabda bildirilir.

“Məlum olub ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb. Ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsinin qalıqları müşahidə olunmayıb. Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib”, – açıqlamada deyilir.

***14:07

“Hal-hazırda əməkdaşlarımız əraziyə yerində baxış keçirirlər”.

Globalinfo.az bildirir ki, bunu APA-ya açıqlamasında Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev deyib.

“Nəticə barədə məlumat veriləcək”, – o əlavə edib.

***12:56

“Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”.

Globalinfo.az-ın xəbərinə görə, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib.

“Əraziyə baxışdan sonra mətbuata əlavə məlumat veriləcək”, – məlumatda vurğulanıb.