Sənədsiz evlərlə bağlı yeni xəbər – Prezident fərmanı ilə…

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Bu, Bakı və ətraf qəsəbələrdə sənədsiz evlər mövzusunu yada salır. Prezident bununla bağlı ilk dəfə 2009-cu ildə göstəriş verdi. Hələ o zaman 500 min sənədsiz evin olduğu deyilirdi. Həmin evlərin taleyi necə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, əslində, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə edilən dəyişikliklərlə bəzi digər normativ hüquqi aktları qarışdırırıq.

Ramil Osmanlı

Ekspert deyib ki, Prezident bununla bağlı şifahi göstəriş verib:

“Ölkə başçısının sadəcə, tapşırığı olub. Sərəncam və ya fərman olmadığına görə, onun icrası istiqamətində müxtəlif illərdə müzakirələr gedib, amma təəssüf ki, bu istiqamətdə hələ əhəmiyyətli irəliləyişə nail olmamışıq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8-ci və ya ayrı-ayrı maddələrinə dəyişikliyin edilməsi yolu ilə problemin həll olunacağını düşünmürəm. Çünki 2014-cü ildən sonra bu qanuna təqribən bir neçə fundamental dəyişiklik edilib, amma sənədsiz evlərin sənədləşdirilməsi istiqamətindəki problemi həll etməyib”.

R.Osmanlının sözlərinə görə, həmin evlərin əksəriyyətinin ya ümumiyyətlə heç bir sənədi yoxdur, ya qeyri-təyinatlı ərazilərdə inşa olunub, ya da digər problemlər mövcuddur. Ona görə də məsələnin ayrı-ayrı normativ hüquqi aktlara dəyişiklik etməklə həll olunmasına inanmıram. Bu problem cənab prezidentin fərmanı ilə həll oluna bilər. Necə ki, 2019-cu ilin fevral ayının 19-u çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi və ötən il iyun ayında qeyri yaşayış obyektlərinin istimarının sadələşdirilməsi ilə bağlı fərman imzaladı. Hesab edirəm ki, yaşayış sahələri ilə bağlı da belə bir fərmana ehtiyac var. Əks halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilən dəyişiklikləri müvafiq icra hakimiyyəti orqanı mühüm bir dəyişiklik kimi təqdim etməyə çalışsa da, bu, həmin problemi həll etməyəcək”.

Zaira Akifqızı
Globalinfo.az