Səməndər Rzayevin qızı: “Atam ölən gün babam bizi aldatdı”

Bu gün Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti (1974), Azərbaycan SSR dövlət mükafatı laureatı (1980) Səməndər Rzayevin  doğum günüdür.

Globalinfo.az xəbər verir ki, Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub.

O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin “Hamlet” faciəsinin tamaşasında Horatsio olub.

Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub. Aktyor Rəşid Səməndərin və teatrşünas Rübabə Rzayevanın atasıdır.

Teatrşünas Rübabə Rzayeva Globalinfo.az-a verdiyi açıqlamasında deyib ki, atasının vəfatından az qala 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq hər il o, yad edilir:

“Bilirsiniz, insan anıldıqca yaşayır. Əgər atam bu gün anılır, hər doğum və anım günlərində haqqında verilişlər hazırlanırsa, yaradıcılığına sevgi və rəğbət bu gün də varsa, deməli, atam da var. Atam onu yaşadan insanlar ilə yaşayır. Mən sizə, saytınıza təşəkkür edirəm ki, atamın doğum gününü unutmamısınız. Onu yad edirsiniz”.

Rübabə Rzayeva atasının ölümünü necə xatırlaması haqda danışıb:

“Atam dünyasını xəstəxanada dəyişdi. Həmin günü hələ də xatırlayıram. Babam bizə gəldi və “sizi atanıza aparacam” dedi. Əslində isə o bizi həmin gün aldatdı.

Bizi xəstəxanaya gətirdi və xəstəxananın qarşısına Mikayıl Mirzə babama başsağlığı verdi. O, başsağlığı verəndə uşaq qəlbim sındı”.

Zaira Akifqızı
Globalinfo.az