Səməd Seyidov: “Paşinyan öz xoşu ilə bunları demir, reallıqları qəbul etməyə məcbur olub”

“Ermənistan Baş naziri Nikol Paşinyanın qeyd-şərtsiz Azərbaycanın ərazi bütövlüyünü 86.6 kv.km tanıması ölkəmizin yaratdığı yeni reallıqların birbaşa nəticəsidir. Bundan sonra heç bir ölkə, təşkilat Azərbaycan ərazi bütövlüyünü sual altına ala bilməz”.

Bu sözləri Globalinfo.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Ermənistan Baş naziri Nikol Paşinyanın sonuncu mətbuat konfransında qeyd etdiyi fikirlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan heç də öz istəyi və ya proseslərə konstuktiv baxdığı üçün bu cür bəyanatlar vermir:

“Prinsip etibarilə o, mətbuat konfransı zamanı belə bir ifadə işlətdi: “Mən bunu ona görə etiraf edirəm ki növbəti müharibəni istəmirəm”. Göründüyü kimi, Paşinyan başa düşür ki, indiki məqamda fərqli kontekstdə bir açıqlama versə, nəticəsi həm özü, həm də Ermənistan üçün ağır olacaq.

Paşinyan heç bir halda xoş niyyət sərgiləmir. O sadəcə Azərbaycan reallıqlarından yan keçə bilməyəcəyini dərk edir. Hesab edirəm, onun həm ərazi bütövlüyümüzü tanıması, həm də “Qarabağ Azərbaycandır” deməsi iki ölkə arasında danışıqlar prosesinə, habelə yekun sülh müqaviləsinin imzalanmasına müsbət təsir edəcək.

Lakin bütün bunların hamısı onun verdiyi sözlərə əməl etməsindən asılı olacaq. Məsələ ondadır ki, biz Paşinyanın bundan öncə də bənzər motivdə açıqlamalar verdiyinin şahidi olmuşuq. Lakin daha sonra verdiyi sözlərə əmək etmədiyi kimi, dediklərini də təhrif edib.

İndiki məqamda sülh sazişinin imzalanmasını istəyirik. Yəni bizim niyyətimiz heç də müharibə etmək deyil. Lakin bunun üçün ilk növbədə Ermənistan da sülhə maraqlı olmalı, buna riayət etməlidir”.

Səməd Seyidov Paşinyanın “Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq” sözlərinə aydınlıq gətirib:

“Paşinyan əslində bununla məsuliyyətdən yayınmağa çalışır. Bu çox hiyləgər gedişdir. Yəni o bir növ “mən bacarmadım, beynəlxalq ictimaiyyət özü prosesi tənzimləsin” deyir.
Qarabağ Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazisidir. Bu məsələ rəsmi Bakının daxili məsələsidir. Azərbaycan reinteqrasiya prosesinə başlayıb. Bu istiqamətdə nümayəndə təyin edilib. Və bu proses Qarabağda yaşayan Azərbaycan qanunlarını qəbul edəcək erməni əsilli şəxslərə şamil ediləcək.

Məsələnin beynəlxalq müstəviyə çıxarılması qəbuledilməzdir. Rəsmi Bakı buna razı ola bilməz. Bu, prosesi gərginləşdirmək və həllini çətinləşdiməkdən başqa bir işə yaramayacaq. Rəsmi İrəvan öz daxili işi ilə məşğul olsa daha yaxşıdır”.

Turan Rzayev
Globalinfo.az