Səmanı dronlar bürüdü: Rusiya bu ölkəyə hücuma keçir? – Politoloq

Moldova Prezidenti Maya Sandu Rusiyanın ölkəsinə qarşı hücum planı hazırladığına dair açıqlamalar verib. Ötən gün isə rəsmi Kişinyov ölkə səmasında naməlum dronların müşahidə olunduğunu qeyd edərək, hava məkanını müvəqqəti bağlayıb. Bundan başqa, Polşa prezidentinin də eyni təhlükə ilə bağlı NATO-ya çağırış etməsi beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olub.

Məsələni Globalinfo.az-a şərh edən politoloq Tofiq Abbasov Rusiyanın Moldovaya müdaxilə üçün fərqli yollardan istifadə edə biləcəyini deyib:

“Ukraynadakı müharibənin ilk günlərindən etibarən rəsmi Kişinyov Kiyevi açıq şəkildə dəstəklədiyini bildirmişdi. Hazırda iki ölkə arasındakı quru sərhəddən hərbçilərin keçidi, əhalinin təxliyəsi üçün istifadə olunur. Münaqişənin ilk günlərində Moldova belə bir təhlükənin mövcudluğunu hiss edirdi. Rəsmi Kişinyov müxtəlif mənbələr vasitəsilə dünya birliyinə çatdırmaq istəyirdi ki, Rusiya həm də Moldova məsələsini həll etmək istəyir.

Coğrafi parametrlərinə görə Moldova o qədər də böyük ölkə deyil, amma Kreml orada vəziyyəti gərginləşdirməyə çalışsaydı, Dnestryanıdan istifadə edərdi. Hazırda isə Tiraspol və Kişinyov arasında nəzərəçarpan dərəcədə çəkişmə, qarşılıqlı ittihamlar yoxdur. Rusiyanın Dnestryanıda kifayət qədər hərbi və diplomatik potensialı mövcuddur. Yəni istəsəydi, müəyyən addımlar atardı. Madam ki, bu baş vermir, hansı əsaslarla ölkəyə hücumdan söhbət gedə bilər? Məncə, bu, inandırıcı deyil”.

T.Abbasov vurğulayıb ki, ola bilsin, hansısa ciddi mənbələr Prezident Maya Sanduya təhlükə barədə məlumatlar ötürürlər:

“Nəticədə o da açıqlamalarla mümkün ola biləcək hadisələrin qarşısını almağa çalışır. Düşünürəm ki, bu məlumatlar şayiə xarakterlidir. Amma Moldovanın mövcud vəziyyətdə bir qədər ehtiyatlı hərəkət etməsi vacibdir. Çünki döyüşlərin getdiyi zonalar ölkə ərazisinə o qədər də uzaq deyil, həmçinin burada Dnestryanı amili var. Hazırda kənar təsirlərə uyaraq Moskva ilə münasibətləri gərginləşdirmək heç də doğru olmaz”.

Ayşən Mustafa
Globalinfo.az