Sel Giləzi-Xızı yolunu bağladı: iki qadın xilas edildi – VİDEO / YENİLƏNİB

Xızı rayonu ərazisində bir neçə avtomobil dərəyə yuvarlanıb, 2 qadın köməksiz qalıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Xızı-Giləzi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində bir neçə avtomobilin güclü yağışın yaratdığı lilli və palçıqlı sel suyu nəticəsində dərəyə yuvarlanması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Əlverişsiz hava şəraitinə və günün qaranlıq vaxtı olmasına baxmayaraq, operativ olaraq həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən 2 qadın dərəyə düşmüş nəqliyyat vasitəsindən çıxarılaraq xilas edilib.

FHN-in əraziyə cəlb edilmiş qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq Xızı-Giləzi yolunun qeyd edilən hissəsində çətin vəziyyətdə qalan digər avtomobillər təhlükəsiz əraziyə çıxarılıb.

***

Xızıda yağan qısamüddətli leysan yağışları bir sıra fəsadlar törədib.

Globalinfo.az xəbər verir ki, sel suları nəticəsində yaranan palçıq kütləsi Giləzi-Xızı avtomobil yolunun hərəkət hissəsinə dolub. Bu səbəbdən hazırda yol bağlanıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, Giləzi-Xızı avtomobil yolunun 6-10-cu kilometrliklərində avtomobillərdə köməksiz vəziyyətdə qalanlar var.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Dövlət Yol Polisi əməkdaşları, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun və digər müvafiq icra strukturlarının nümayəndələri cəlb olunub.