seki seki

Şəkidə sahibsiz itlərin Niderlanddan gələn turist qadına hücum etməsi illərdir həllini tapmayan problemin yenidən gündəmə gəlməsinə səbəb olub.

Bəs sahibsiz itlərlə bağlı niyə effektiv və sistemli tədbirlər görülmür?

Globalinfo.az-a danışan kinoloq Nicat Əhmədli deyib ki, ölkədə sahibsiz heyvanların, xüsusilə it və pişiklərin özbaşına və nəzarətsiz şəkildə yemlənməsi geniş yayılıb:

“Təbii ki, heyvanları yemləmək olar, amma bu, mütləq nəzarətli şəkildə həyata keçirilməlidir. Nəzarətsiz yemləmə avtomatik olaraq sahibsiz itlərin həmin ərazilərdə məskunlaşmasına və sürətlə çoxalmasına səbəb olur. Nəzərə alsaq ki, ölkəmizdə küçə itlərinin qulaqlarına taxılan bir çox “birkalar” onların vaksinasiya olunduğunu göstərir, amma əksər hallarda qısırlaşdırma həyata keçirilmir. Halbuki AvropaABŞ-də bu istiqamətdə geniş təcrübə var ki, sahibsiz heyvanlar qısırlaşdırılır və bununla da onların sayının artmasının qarşısı alınır. Bizdə isə əksinə, nəzarətsiz yemləmə nəticəsində bu heyvanların sayı artır. İtlər çox sürətlə çoxalırlar və bir it bir dəfəyə 8, 10, 12, hətta 15 bala verə bilir. Qısırlaşdırma aparılmadığı və nəzarətsiz yemləmənin qarşısı alınmadığı müddətdə bu artımın qarşısını almaq mümkün deyil”.

Kinoloq deyib ki, sözügedən hücumun meşənin ortasında və ya tamamilə tənha bir ərazidə baş vermədiyini nəzərə almaq lazımdır:

“Çox güman ki, orada müəyyən obyektlər olub. Çünki itlər adətən qida verilən yerlərin ətrafında məskunlaşır və həmin ərazini özləri üçün yaşayış və qoruma sahəsi kimi qəbul edirlər. Ora yad insan daxil olduqda isə aqressivləşə bilirlər. Xüsusilə balaları varsa, insana hücum etmələri də mümkündür”.

N.Əhmədlinin sözlərinə görə, belə hadisələrin qarşısını almaq üçün iki əsas yol var: ya sahibsiz itlər qısırlaşdırılmalı, ya da nəzarətsiz yemləmələrin qarşısı alınmalıdır:

“Bəzi Avropa ölkələrində küçə heyvanlarının nəzarətsiz şəkildə yemlənməsi qadağandır və buna görə cərimələr tətbiq olunur. Bu cür mexanizmlər Azərbaycanda da tətbiq oluna bilər. Amma təkcə cərimə tətbiq etməklə məsələ həll olunmayacaq. Bununla paralel olaraq dövlət tərəfindən genişmiqyaslı qısırlaşdırma proqramları həyata keçirilməlidir”.

Nicat Ehm%C9%99dli kinoloq

Nicat Əhmədli

Kinoloq bildirib ki, bu proseslərin lazımi səviyyədə həyata keçirilməməsinin səbəblərindən biri də sahibsiz heyvanlarla bağlı məsələlərin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) səlahiyyətlərinə verilməsi ilə bağlıdır:

“Halbuki bu məsələ daha çox dövlət baytarlıq xidmətinin nəzarətində olmalı olan bir sahədir. AQTA-nın əsas fəaliyyət istiqaməti qida təhlükəsizliyidir və sahibsiz heyvanların idarə olunması onun əsas fəaliyyət sahəsi deyil.

İnsanlar da müəyyən qədər məsuliyyətli və diqqətli davranmalıdırlar. Məsələn, ərazidə toplu şəkildə itlər varsa, mümkün qədər həmin ərazidən uzaqlaşmaq lazımdır.

Yekun olaraq deyim ki, bu istiqamətdə həm dövlət səviyyəsində konkret tədbirlər görülməli, həm də əhali arasında maarifləndirmə işləri aparılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: