Şəkidə 2 uşağın öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATI

Dünən gecə saatlarında Şəki rayonunun Cəfərabad kəndi yaxınlığında 2 uşağın ölümü ilə nəticələnən dəhşətli yol qəzasının detalları məlum olub.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisədə iki qardaşın övladları həlak olub. Belə ki, qəza nəticəsində aşan VAZ markalı avtomobilin salonunda olan Həşimov Elşad Mikayıl oğlu və onun əmisi qızı Əhmədova Çiçək Cəmil qızı həyatlarını itiriblər. Avtomobildə olan digər şəxslər; Şəki rayonu Çayqaraqoyunlu kənd sakinləri – sürücü Elçin Məmmədov, Rəqsanə İbrahim qızı Quliyeva, Günay Şəfaqət qızı Həşimova, Gülay Cəmil qızı Həşimova, Cəlil Cəmil oğlu Əhmədov və Elif Mikayıl qızı Həşimova isə xəsarət alıblar. Xəsarət alanlar vəfat edən uşaqların anaları və onların bacı-qardaşlarıdır.

Qəzaya düşən şəxslərin yaxınları bildiriblər ki, hadisəyə qatı dumanlı hava şəraiti və Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun, rayonun Cəfərabad kəndi ərazisindən keçən hissəsində digər avtomobilin inəyi vurması səbəb olub. Sürücü Elçin Məmmədov qohumları olan iki ailənin üzvlərini xəstəxanadan yaşadıqları kəndə gətirərkən dumanlı havada qarşısına qəfil inək cəsədi çıxıb. O, cəsədlə toqquşmamaq üçün maşını kənara çəkib və bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb, araşdırma aparılır.

Gülnar
Globalinfo.az