“Şəhriyarı təhqir edənlərdə bu xəstəlik var” – Aqressiyanın səbəbləri

Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovun qadınlarla bağlı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Sitat: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni, heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?! Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

İdmançı bu sözlərinə görə əksəriyyət tərəfindən tənqid atəşinə tutulub.

Müşahidələrə əsasən demək olar ki, əksər hallarda şəxsi fikrini bildirən birinin sözlərinə arqumentlə, intellektlə deyil, aqressiya, qaragüruhçu yanaşma ilə, təhqirlə cavab verilir.

Cəmiyyətin bu əhvalının səbəbi nədir?

Əhməd Qəşəmoğlu

Mövzunu Globalinfo.az-a şərh edən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, cəmiyyətimizdə natamamlıq kompleksi olduqca güclüdür. Onun sözlərinə görə, bir çoxları kimisə tənqid etməklə özünü həyatda təsdiqləmək istəyir:

“İnsanın natamamlıq kompleksi güclü olduqda onun başqalarına qarşı qısqanclıq hissi də çox olur. Hər kəs özünü daha artıq təsdiq etmək üçün daha savadlı adama irad bildirmək istəyir. Düşünür ki, hər kəs onu güclü birinə irad bildirdiyinə, təhqir etdiyinə görə tərifləyəcək. Bu, natamamlıq kompleksi xəstəliyidir”.

Sosioloq deyib ki, cəmiyyətimizdə natamamlıq kompleksi güclü olan adamlar çoxdur:

“O da təhsillə, savadla, insanların həyat tərzi ilə bağlıdır. Doğrudan da bu, cəmiyyətimizin xoşagəlməyən bir göstəricisidir. Bir də görürsünüz ki, 10 gün Çingiz Abdullayevi söyürlər, növbəti 10 gün Anar Rzayevi təhqir edirlər. Axı sən nə Çingiz Abdullayevdən, nə Anar Rzayevdən, nə də dövlət xadimlərimizdən çox iş görməmisən. Sən Vətən və xalq üçün nə etmisən?!”.

Zaira Akifqızı
Globalinfo.az