Qadın və kişi heç vaxt bərabər ola bilməz – Çünki qüsurludur!

Şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov qatıldığı proqramların birində deyib ki, qadınlar heç bir sahədə kişilərdən yaxşı ola bilməz:

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir”.

Şəhriyar Məmmədyarov “Sizcə, niyə belədir?” sualına bu cavabı verib:

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

Məmmədyarov öz sahəsinin peşəkarıdır. Buna heç kəsin şübhəsi ola bilməz, amma bir sahədə peşəkar olmaq, hətta dahilik səviyyəsinə gəlib çatmaq xarakterdə, şəxsi keyfiyyətlərdəki qüsurları gizlədə bilmir. Ş.Məmmədyarovun dedikləri də onun qüsurlarının təzahürüdür.

Qüsur demişkən, kainatda mükəmməl heç nə yoxdur. Ş.Məmmədyarovun “Qadınlar heç bir sahədə kişilərdən yaxşı ola bilməz” ifadəsi qüsurludur, eynilə qadın və kişinin ayrı-ayrılıqda qüsurlu olduğu kimi. Onlar bir-birinin qüsurunu tamamlayan bir vəhdət, bütündür. Qadını kişidən aşağı görmək və ya əksi yanlış yanaşmadır.

İstər teoloji baxışla, istərsə də təkamül nəzəriyyəsi ilə yaradılışa baxdıqda görmək olur ki, canlıların böyük əksəriyyətinin ikicinsli yaradılmasında bir məqsəd, hikmət var. Hər cins özünəxas xüsusiyyətlərə, bacarıqlara, zəkaya sahibdir. Bu, onlardan birini digərindən üstün göstərmək üçün yox, əksinə, natamam olanı tamamlamaq üçündür.

Mənə görə, qadın və kişi Yaradanın qüsursuz mükəmməlliyinin iki qüsurlu halıdır. Çünki Yaradan özünün ən ali qüvvəsi olan yaratmağı yalnız qadın və kişi bir araya gəldikdə insana bəxş edir. Yəni qadın və kişi bir araya gəldikdə, sevdikdə, bir-birinə hörmət etdikdə qüsursuz olur.

Dediyim kimi, kişini qadından üstün görmək qüsurlu yanaşma olduğu kimi, qadını kişi ilə bərabərləşdirmək də eyni şəkildə qüsurlu yanaşmadır. Qadın və kişi arasındakı fərq ilk növbədə fizioloji və anatomik şəkildə görünür. Bu fərqlər onların ruh, düşüncə, emosiya və duyğu fərqliliklərini də yaradır. Ortada bu qədər fərq varkən bərabərlik arayışı əbəsdir. Qadın və kişi yalnız və yalnız hüquqi baxımdan bərabər ola bilər. Bunun xaricində bərabərlik tələbi, arayışı qüsurlu yanaşmadır.

Əslində, qadınların bərabərlik tələblərini anlamaq olur: cəmiyyət hər zaman qadınlara haqsızlıq edib, onları ikinci plana salıb. Bəzən bu hal qadınların işinə yarasa da, etirazların olması təbiidir. Qadınlar kişilərlə bərabər olub tarixi ədalətsizliyin aradan qalxmasını istəyir, amma unutmayaq ki, bərabər olmaq ədalətli olmaq demək deyil. Əsl ədalət bir ananın almanı böyük oğluna ikiyə böldürüb, kiçik qızına seçim haqqı tanımasıdır.

Turan Rzayev
Globalinfo.az