Şəhriyarın Bakı səfərinə kim mane oldu? – Səməd Vurğun detalı

“1967-ci ilin mayında Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinin geniş şəkildə qeyd edilməsi barədə Sov.İKP MK-ya müraciət etmişdi. Vaqifin 250 illiyi ilə bağlı yubiley tədbiri 1968-ci ilin payızında keçirildi. Bakıda keçirilən mərasimdə Sovet respublikalarından başqa Bolqarıstan, Polşa, Kuba, Rumıniya, Almaniya Demokratik Respublikası, Türkiyə, xüsusilə solçu şairlər, İran, İraq, Sudan və digər ölkələrdən qonaqlar dəvət edilir. Siyahı o zaman Sovet təhlükəsizlik orqanının xüsusi araşdırması ilə tərtib edilmiş idi. Elə adamlar seçilirdilər ki, onlar geri qayıdanda Sovet yaşayış tərzi və rejimi barədə müsbət fikirlər yaza bilsinlər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri tanınmış alim, dosent Zaur Əliyev deyib.

O bildirib ki, dəvət olunan qonaqlar içərisində Cənubi Azərbaycanda tanınan şair Məmmədhüseyn Şəhriyar da var idi:

“Onun bu siyahıya salınması üçün Məmməd Araz çox əziyyətlər çəkir. Bir neçə dəfə Moskvaya müraciət edir ki, Şəhriyar çox böyük şairdir və onun Azərbaycana gəlməsi sovetlərin İranda müsbət tanınmasına kömək olacaq. Hətta Şəhriyarın Azərbaycanda qalması xərcinin də öz cibindən çəkəcəyini məktubda qeyd edir. Moskvadan razılıq məktubu gələn kimi Məmməd Araz təşkilat komitəsindən rəsmi dəvətnamə göndərilməsinə də nail olur. VƏ…

Məktubu hazırlayan şəxslər onu Məmmədhüseyn Şəhriyarın adına yox, başqa adama yazır və tamam başqa ünvana göndərirlər. Məktubu bilərəkdən səhv hazırlayıb yola salırlar. Məktub Şəhriyara çatmır. Guya “poçtalyonun dəvətnaməni “səhvən” başqa bir “Məhəmmədhüseyn”ə çatdırması” bəhanəsi ilə onun Bakıya gəlməsini əngəlləyirlər. Buna görə də Şəhriyarın Azərbaycana səfəri baş tutmur”.

Z.Əliyev deyib ki, Məmməd Araz neçə dəfə İran səfirliyinə zəng etsə də, ona Şəhriyara məktubun çatmadığını deyirlər:

“Beləliklə Şəhriyar Bakıya gələ bilmir. Məktubu qəsdən səhv adama və səhv ünvana göndərənlər də Məmməd Araza belə izah verirlər ki, guya Şah rejimi onun gəlməsinə mane olub. Deyilənə görə, Şəhriyarın Bakıya gəlməsinə mane olanlar içərisində qoca şairlərin adı hallanıb. Çünki Şəhriyar kimi şairin orada iştirak etməsi Molla Pənah Vaqifə şeir və poemalar yazanları kölgədə saxlaya bilərdi..

Proqramda Şəhriyarın Səməd Vurğunun “Vaqif” poeması əsasında çəkilən tamaşaya baxış və orda onun çıxış etməsi də yazılmış idi.

Deyilənə görə, Məmməd Araz neçə dəfə hava limanına zəng edib qonaqlar içərisində Şəhriyarın olması ilə maraqlanıb. Onun gəlişi üçün öz evində ayrıca otaq ayırıb, hətta planında var imiş ki, onu Naxçıvana, öz evinə də aparsın.

Ancaq Yazıçılar Birliyində olan qocalar, bolşeviklərə şeirlər, poemalar yazan şairlər onun gəlməsinə mane olurlar. Məmməd Arazın gözləri yolda qalır .

Bundan bərk sarsılan Məmməd Araz evə gəlir və gecə səhərə qədər oyaq qalır və məhşur “Gəlmədi” şeirin yazır. ..

Ümidlər yollara sərili qaldı.

Bu ağır xəbərdən, bu nəs xəbərdən.

Güllər güllüklərdə dərili qaldı

Şəhriyar gəlmədi…

Şəhriyar yollanır Azərbaycana,

Yol hanı, yol hanı Azərbaycana?..

Zaira Akifqızı
Globalinfo.az