Səhnədən gedən Bəhram Bağırzadə hansı sahədə çalışacaq? – Özü açıqladı

“Dekabrın 14-ü Heydər Əliyev Sarayının 50 illiyi münasibətilə gedib orada dua oxudum və Allaha təşəkkür etdim ki, 40 il ərzində mənə evimə çörək aparmaq üçün imkan yaradıb. Mən orada təkcə həmin sarayla yox, həm də sənətlə vidalaşdım”.

Bu sözləri Globalinfo.az-a müsahibəsində Əməkdar artist Bəhram Bağırzadə səhnə ilə vidalaşması haqda danışarkən deyib.

– Sizcə, səhnədən getmək doğru qərardır? Axı, hələ də sizi sevən tamaşaçılar var…

– Artıq mənim tamaşaçım yoxdur. Bir həftə ərzində gördüm ki, tamaşaçım qalmayıb. Ola bilər, nə vaxtsa kiçik kütlə üçün qısa tamaşalar təşkil edərəm, amma bundan sonra kütləvi tamaşalarda iştirak etməyəcəyəm. 5 il əvvəl dediyim söz yanlış qarşılandı. Daha nə deyə bilərəm?!

– Siz 5 il əvvəl dediyiniz sözlə bağlı tamaşaçılara, insanlara müraciət etdinizmi? Bəlkə, müraciətinizlə nələrisə dəyişə bilərdiniz?

– Həmid Həmidovun verilişində də bununla bağlı danışmışam. O videonu iki günə 50-60 min insan izləyib, amma eyni münasibət davam edir. Artıq çox yorulmuşam. Bu vaxta kimi nə edə bildimsə, etdim. Müslüm Maqomayev deyərdi ki, “səhnədən bir il tez getmək beş dəqiqə gec getməkdən daha yaxşıdır”. Mən hiss etdim ki, artıq heç kimə lazım deyiləm. Nə KVN-çi, nə də aktyor kimi… Ona görə də vidalaşdım. Allah hər kəsdən razı olsun.

– Bəhram bəy, bundan sonra fəaliyyətinizə hansı istiqamətdə davam edəcəksiniz?

– Bundan sonra yalnız istirahət edəcəm. Mənim həyatda böyük iddialarım yoxdur. Bahalı maşın sürmək, bahalı kostyum geyinmək istəmirəm. Mən daxildə minimalistəm. Əgər bu gün bir tikə çörəyim varsa, buna şükür edən insanam. İddialarım olsaydı, bəlkə də, başqa işlərdə çalışardım. Rahat həyat sürmək istəyirəm… Mən artıq yoxam.

Qeyd edək ki, Bəhram Bağırzadənin 5 il əvvəl verdiyi açıqlama yenidən gündəmə gətirilib. Onun “Bakıya gələn insanlar urbanizasiya prosesini keçə bilmirlər. Görürsüz, onlar hətta restoranda çox ucadan danışırlar. Belə bir ifadə var, şəhər öz memarlığı il gözəldir, amma şəhər birinci növbədə orada yaşayan insanlarla gözəldir. Son 25 ildə şəhər çox dəyişib. Rayondan gələnlər şəhərə adaptasiya ola bilmirlər. Bu, bizim günahımızdır. Biz susuruq, onlara demirik ki, uşaqlar, restoranda belə danışmaq olmaz” deməsi sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Zaira Akifqızı
Globalinfo.az